"Yeni ipoteka proqramı layihəsi hazırdır"
05 Sentyabr 2011 Bazar Ertəsi 10:49
Təkliflərdə ilkin ödəniş məbləği və girov məsələsində də dəyişikliklər nəzərdə tutulub
İpoteka qaydalarına dəyişiklik haqqında sənədlər və yeni ipoteka proqramı ilə bağlı layihə üzərində işlər artıq yekunlaşıb. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. O yaxın aylarda hər iki sənədin qəbul oluna biləcəyini deyib.
E.Rüstəmovun sözlərinə görə, əhalinin ipoteka kreditindən daha kütləvi və asan istifadə edə bilməsi üçün şərtlərdə bir sıra radikal dəyişikliklər ediləcək: “İpoteka kreditinin məbləğinin artırılması gözlənilir. Bu isə gənclərə köhnə mənzil fondundan yox, yeni tikililərdən mənzil almağa imkan verəcək”.
Mərkəzi Bankın sədri ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması ilə bağlı da planları olduğunu deyib: “İpotekanın faiz dərəcələri indiki halda da aşağıdır, çünki bu ipoteka dövlət büdcəsindən maliyyələşdirilir. Amma biz onun bir qədər də aşağı salınmasını planlaşdırırıq”.
Yeni təkliflərdə ipoteka alarkən ilkin ödəniş məbləği və girov məsələsində də dəyişikliklər edilməsi nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: