BDU-nun yataqxanasında məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesi davam edir.
Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesi sürətlə davam edir. ANS PRESS-in məlumatına görə, hazırda universitetin tələbə şəhərciyinin 8 və 9 saylı binaların sakinləri Qaradağ rayonu, Müşviqbad qəsəbəsində salınan yeni binalara köçürülür.
Bakı Dövlət Universitetinin Tələbə şəhərciyinin direktoru Rza Cabbarovun ANS PRESS-ə verdiyi məlumata görə, 195 ailə 8 və 9 saylı yataqxanadan köçürülüb, 15 ailə qalıb. Həmin ailələr də bu yaxınlarda köçürüləcək. “Hazırda isə 5 saylı yataqxanamızın köçürülməsinə başlanılıb. Köçürülmə işlər “Qaçqınkom” tərəfindən həyata keçirilir”, - deyə R.Cabbarov bildirib.
Lakin bəzi məcburi köçkünlər köçürülmə prosesindən narazıdır. Ağdam rayonu, Ağdamkənd kəndindən olan Elgün Baxışov deyir ki, evlərin bölgüsündə ədalətsizliyə yol verilib: “Bizim ailədə anan, qardaşım, həyat yoldaşım və bir uşağım var. Bizə 5 otaq veriblər. Mən anamın üstündə qeydiyyatdayam. İndi qardaşımın 24 yaşı olacaq və bu yaxınlarda ailə quracaq. Bir evdə biz necə qalacağımızı bilmirik”. Onun sözlərinə görə, dəfələrlə “Qaçqınkom”a müraciət etsələr də, onların şikayətinə müsbət cavab verilməyib.
Ağdam rayonundan məcburi köçkün Xanım Əliyeva da evlərin bölgüsündən narazıdır: “Bu yataqxanada 2 otaqda qalırdıq. 1994-cü ildən burada məskunlaşmışıq. Ailədə 3 qızım, subay oğlum, eləcə də, bir evli oğlum, gəlinim və onların uşağı var. Bizə 2 otaq veriblər. Sonradan narazılığımızı bildirmişik Elman müəllimə. Dediyinə görə, 2 otaq da əlavə verəcək. Oğlum kirayələrdə qalıb, indi yenidən bizimlə birlikdə yaşaya bilməz. Ona görə də, istəyirik ki, 1 otaq olsun, lakin ayrı-ayrı olsun”.
Məsələ ilə bağlı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elman İsmayılov ANS PRESS-ə açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını bildirdi.
“Baxışovlar ailəsinə 5 otaqlı ev verilib. Lakin onlar istəyirlər ki, evlər ayrılıqda verilsin. Halbuki qanunla evlər ailələrin sayına uyğun müəyyənləşir. Eyni zamanda otaqların sayı ailədə üzvlərin sayına uyğun müəyyən edilir. 1 və 2 nəfər üçün 1 otaq müəyyən olunub. 3-4 nəfərə 2, 5-6 nəfərə 3, 7-9 nəfər üçün isə 4 otaq nəzərdə tutulub. Bu gün bu göstəriciləri artırmaq mümkün deyil. Mənzilin sayı ailənin sayına uyğun müəyyənləşir”, - deyə Elman İsmayılov vurğuladı.
Xanım Əliyevanın şikayətinə gəlincə, E.İsmayılov deyir ki, ona 2 otaqlı ev verilib. Lakin qadının oğlu Sulutəpə qəsəbəsində yaşayır. İndi həmin oğlu üçün də ayrıca mənzil istəyir.
Köçürülmə işinin nə zamana yekunlaşacağını isə hələlik dəqiq demək olmaz. E.İsmayılova inansaq, işlər 1 aya yekunlaşacaq.