Yeni binaların köhnə problemi
18 Dekabr 2012 Çərşənbə Axşamı 03:29
Bir daha yeni binaların köhnə problemi barədə.
Bu dünyada dəyişməyən və hamının proqnozlaşdıra bildiyi bir təbiət hadisəsi varsa, o da fəsillərin ardıcıllığıdır. Həmin əbədi fəsil düzümünü Tanrının Yer üzünün əşrəfi yaratdığı insanların yaşam rahatlığına xidmət edən əvəzsiz bəxşişi kimi də qəbul etmək olar. Ulu yaradan sanki bununla bəndələrinə təbiətdən gileylənmək bəhanəsi verməyib. Fəsilləri elə düzüb ki, kimsə soyuqdan, ya istidən, yağmurdan, ya quraqlıqdan, əkindən, ya da biçindən şikayətçi olmasın, işini ehtiyatlı tutsun.
Təbiət yenə öz işindədir. Payızı yola salıb qışı qarşılayırıq. Hərdən ilıq, bəzən isə soyuq günlərdə ölkə əhalisi arasında "qarlı-şaxtalı fəslin gəlməsini istəyirsinizmi" sualı ilə sorğu keçirilsə, yəqin ki, təbii qazla təchiz edilməyən yaşayış məntəqələrinin sakinlərindən müsbət cavab eşitmərik. Bu yerdə ölkə ərazisinin qazlaşdırılması istiqamətində son illərdə həyata keçirilən tədbirləri qeyd etməmək insafsızlıq olardı! Artıq bu gün Azərbaycanda elə bir şəhər, qəsəbə, iri yaşayış məntəqəsi yoxdur ki, təbii qaz almasın. İndi növbə kəndlərindir, hətta ən ucqarları belə qazlaşdırılır və bu istiqamətdə görülən işlər günü-gündən genişlənir. Bu da təsadüfi deyil! Dövlət başçısı qarşıdan gələn ilin sonunadək ölkə ərazisinin tam qazlaşdırılması kimi mühüm vəzifə qoyub və həyata keçirilən tədbirlərin həcmi, sürəti Prezidentin bu tapşırığının da vaxtında icra olunacağından xəbər verir.
Yenə də qayıdaq keçiriləcəyi halda nəticəsi ehtimal edilən sorğuya. Bu ehtimala görə, qazsızlıq ucbatından "ağ" fəslin yetişməsini istəməyənlər arasında paytaxt əhalisinin, daha doğrusu, yeni binaların sakinlərinin çoxluq təşkil edəcəyi şübhəsizdir və yəqin ki, onların Tanrıdan yeganə ricası isti günlərin "ömrünü" uzatmaqla bağlı olardı. Niyə də olmasın! İlin-günün bu vaxtında, neft-qaz ölkəsinin paytaxtında neçə-neçə ailə qazın həsrətini çəkəndə çarə Tanrıya qalmasın, bəs kimə qalsın? Çünki bəndələr neçə illərdir minlərlə Bakı sakininin nə dərdini öyrənir, nə də səsini eşidir! Baxmayaraq ki, bu barədə bütün səviyyələrdə dəfələrlə məsələ qaldırılıb, problemin həllinin vacibliyi vurğulanıb. Amma xeyri yoxdur ki, yoxdur!
Ölkə ərazisinin qazlaşdırılmasına birbaşa cavabdeh olan ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən paytaxtdakı yeni yaşayış binalarının bu probleminin nə vaxt yoluna qoyulacağını sorduqda "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı"nı əsas gətirir. Belə götürdükdə qanuni tələbdir! Çünki təbii qaz məişətimizə rahatlıq, evimizə istilik gətirməklə yanaşı, ehtiyatsızlıq edəndə həm də təhlükə mənbəyinə çevrilir. Odur ki, təyinatından asılı olmayaraq təbii qazın verildiyi bütün obyektlərdə müvafiq qurumların təhlükəsizliklə bağlı tələb və şərtlərinə əməl edilməsi vacibdir. Bu baxımdan "Azəriqaz"ın sözügedən aktı tələb etməsindəki inadkarlığını başa düşmək mümkündür. Əgər bu inadkarlıqda başa düşülməyən bir məqam varsa, o da elə həmin "Azəriqaz"ın xüsusən Bakıətrafı ərazilərdə nəinki qanunsuz, hətta heç bir təhlükəsizlik qaydalarına əməl olunmadan tikilən saysız-hesabsız evləri kütləvi surətdə qazlaşdırmasıdır. Biz həmin evlərdə yaşayanların da Azərbaycan vətəndaşları olduqları üçün bu addımı səhv hesab etmirik.
Amma bir məsələ var ki, qazlaşdırılma zamanı təhlükəsizlik tədbirləri əsas götürülürsə, "Azəriqaz"ın da tabe olduğu ARDNŞ-nin mədən ərazilərində, magistral neft-qaz, su kəmərlərinin üstündə, yüksək gərginlikli elektrik xətlərinin altında necə gəldi tikilən evlərlə paytaxtın görkəminə müasirlik gətirən, hər cəhətdən sovetin istismar müddəti başa çatmış köhnə binalarından üstün olan, ən əsası, çoxsaylı dövlət qurumlarının nəzarəti altında inşa edilən "göydələn"lər arasına qoyulan fərq anlaşılmır! Anlaşılmır onun üçün ki, birincilərə doğma münasibət minlərlə sakinin rahatlığını (təhlükəsizliyini yox!) təmin edibsə, ikincilərə ögey yanaşma təxminən bir o qədər əhalinin dəridən-qabıqdan çıxıb aldığı mənzili soyuq məzara çevirib! Təhlükəsizliyə gəldikdə isə artıq köhnəlməyə başlayan yeni binaların sakinləri hər anı od saçan maye qaz balonlarından və qeyri-standart istilik cihazlarından heç də kefdən istifadə etmirlər. Necə deyərlər, "tüstü olsa da, isti olsun" kimi təhlükəli prinsip içi özlərini, çölü özgələri yandıran yeni bina sakinlərinin çoxdan yaşayış tərzinə çevrilib. Biz hələ bu cür yaşayış tərzində çapalayanların əksəriyyətinin gənc ailələr, deməli, həm də azyaşlı uşaqlar olduğunu demirik. Amma gələcəyimiz olan uşaqların sağlamlığının bir parça kağıza qurban verilməsinin üstündən sakit keçməmək də mümkün deyil axı...
Bir parça kağız demişkən. Gəlin görək adi kağız parçası adlandırdığımız "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı" nədir ki, milyonlarla xərc çəkib çoxmənzilli "göydələn"lər ucaldan şirkətlər onun əlində aciz qalıblar! Əslində, məsələnin dərinliyinə gedəndə görünür ki, həmin akt heç də adi kağız deyil! Özü də bu qeyri-adilik təkcə onun adından irəli gəlmir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiqlənən bu akt cəmi 2 vərəqdən ibarət olsa da, hüquqi şəxslər üçün əsl "gedər-gəlməz" sənədidir ki, o da "həsiri basma, dolan gəl" məsəlini xatırladır. Şübhəniz var? Həmin akta möhür vurmalı olan qurumların adlarını biz sadalayaq, siz nəticə çıxarın. Obyektin qəbulu üzrə dövlət komissiyasının sədri (Bakı ŞİH başçısının müavini), komissiyanın üzvləri: şəhər (rayon) - icra hakimiyyətinin və bələdiyyənin, tikintinin aparıldığı ərazi üzrə rayon icra hakimiyyətinin, layihəçinin, dövlət-tikinti nəzarətinin, ekologiya nəzarətinin, yanğın təhlükəsizliyi nəzarətinin, sanitar nəzarətinin, Dövlət Əmək Müfəttişliyinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, "Azərpoçt"un, Bakı ŞİH Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin və nəhayət, obyektə kommunal xidmətlər (qaz, su, elektrik, kanalizasiya, rabitə) göstərən təşkilatların nümayəndələri... Hələ bunlar da hamısı deyil. Bu və digər mənzil-tikinti kooperativi sözügedən aktı almaq üçün daha onlarca sənəd toplamalıdır. Özü də o sənədləri ki, tikintiyə başlayanda onları bir dəfə, sözün həqiqi mənasında, alıblar! Ancaq buna da dözmək olar. Bəs binanın istismara qəbul edilməsinə heç bir dəxli olmayan təşkilatların komissiyanın tərkibinə salınmasına necə dözəsən? Axı o qurumları heç kim zorla həmin komissiyaya salmayıb, təşəbbüs özlərindən gəlib və Bakı ŞİH də onu müsbət (?!) qarşılayıb. Bununsa nə demək olduğunu indiki zamanda bilməyən yoxdur!
Məsələni mürəkkəbləşdirən təkcə bunlar da olsaydı, dərd yarı idi. Redaksiyamıza müraciət edən mənzil-tikinti kooperativinin üzvlərinin sözlərinə görə, Bakı ŞİH başçısının sərəncamı ilə adıçəkilən komissiyanın ya tərkibinə edilən dəyişikliklər, ya da digər səbəblərdən aktın qəbul vaxtına tez-tez məhdudiyyətlər qoyulur. Yəni, göstərilən vaxtadək kim, məsələn, bir-iki möhürə görə aktı təqdim edə bilmirsə, onların "məlum əziyyətlər" hesabına "topladıqları" digər möhürlər batır, necə deyərlər, qapılara düşmək "start"ı yenidən verilir.
Bu yerdə bəyənmədiyimiz sovet hakimiyyəti illərində yaşayış binalarının istismara qəbulu prosesini xatırlamamaq olmur. O illər nə tikinti təşkilatları, nə də kooperativ binaların sahibləri qəbul aktına görə qapılara düşərdi. Bu işi Bakı Şəhər XDŞ İcraiyyə Komitəsinin vahid komissiyası həyata keçirirdi, özü də operativ. Binalar da ki, bütün kommunal xidmətləri (qaz, su, işıq və s.) ilə daha indiki kimi dövlət qəbul aktından sonra yox (?), bu sənədin verilməsindən əvvəl təmin olunurdu. Əks halda, məsələn, qaz təchizatı olmayan binanı komissiya necə qəbul edə bilərdi?!
Şəhər təsərrüfatının bu yaxın tarixini yada salmaqda məqsədimiz ölkədə tikinti-quruculuq işlərinin, o cümlədən yaşayış binalarının inşasının geniş vüsət aldığı indiki dövrdə obyektlərin istismara qəbul edilməsindəki mövcud bürokratik qaydaların dəyişdirilməsinin zəruriliyinə diqqət çəkməkdir. Niyə bir çox sahələrdə tətbiq olunan "bir pəncərə" sisteminin oxşar üsulu bu işdə istifadə edilməsin?! Axı ortada Bakı ŞİH-nin sələfi olan Bakı Şəhər XDŞ İcraiyyə Komitəsinin özünü doğruldan təcrübəsi, müasir dövrdə isə "bir pəncərə" kimi səmərəli iş qaydası olduğu halda, mənzil-tikinti kooperativlərini bir akt üçün onlarla qapıya salmağın adı yoxdur! Adı olan varsa, o da bu mühüm məsələyə indiki anormal münasibətdir! O münasibət ki, heç nədən əhalidə məişət narahatlığı, yəni sosial narazılıq yaradır. Paytaxt əhalisinin bu gün heç də az hissəsini təşkil etməyən həmin narahat və narazı əhalinin istədiyi isə çox deyil! Onların arzusu yaşadıqları binanın tikintisinə icazə vermiş Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilərək kommunal xidmətlərlə, xüsusən təbii qazla təchiz olunmasıdır. Bizə elə gəlir ki, bu, onların konstitusion hüququdur və heç bir qurumun onu pozmağa səlahiyyəti yoxdur!
DOSTLARINLA PAYLAŞ: