Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu vəfat etdi
19 İyul 2014 Şənbə 10:58
Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu mədə xərçəngi və beyin insultu keçirmişdi.
Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu səhər saatlarında müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Xəstəxananın qəbul şöbəsinin müdiri Afiq Rəhimov ANS PRESS-ə verdiyi məlumata görə, dünən gecədən başlayaraq Arif Əmrahoğlunun vəziyyəti kəskin pisləşib.

“Gecədən başlayaraq onun vəziyyəti olduqca ağırlaşmışdı. Mədə xərçəngindən başqa, beynində insult keçirmişdi. Yaxınlarını, qohum əqrabanı çağırmışdıq. İstədik başqa klinikaya köçürək. Amma razılaşmadılar. Bu gün səhər saat 08:05-də dünyasını dəyişdi”, -deyə Afiq Rəhimov bildirib.

Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifidir.

Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. Arif Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar