Yay fəslinin fəsadları ilk aydan özünü göstərməyə başladı
17 İyun 2012 Bazar 14:22
18 nəfəri gün vurub, 10-a yaxın insan dənizdə batıb.
Ötən gün 3 nəfər günvurmadan həkimə müraciət edib. Bakı şəhəri Təcili və Tibbi yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə,yay fəsli başlayandan indiyə qədər 18 nəfərə günvurma diaqnozu qoyulub.

Mürsəl Həmidov bir daha paytaxt sakinlərinə müraciət edərək son günlər havaların isti keçməsilə əlaqədar çox diqqətli olmağı məsləhət gördü:

“Günvurmaya yaşlılar, uşaqlar, xəstələr, kök adamlar daha çox məruz qalırlar. Günvurmaya saat 12:00-dan saat 16:00-a qədər açıq havada uzun müddət fiziki işlə məşğul olan insanlar da çox məruz qalır. Həmin saatlarda uzun müddət fiziki işlə məşğul olmaq tövsiyə edilmir. Belə anomal isti havalarda küçəyə çıxan insanlar təbii, açıq rəngli, bədənə çox yapışmayan paltarlar geyinməlidirlər”.

Mürsəl Həmidov bildirdi ki, bu yay hələlik kütləvi qida zəhərlənməsi olmasa da, isti günlərdə sakinlər yenə də diqqətli olmalıdırlar. Çünki qızmar yay günlərində qida zəhərlənməsi ehtimalı daha çoxdur.

“Yay vaxtı insanlar qidalanmaya çox diqqət yetirməlidirlər. Xüsusilə havaların isti keçdiyi dövrdə çalışmaq lazımdır ki, yüngül qidalar, meyvə-tərəvəzlərdən istifadə etsinlər. Süd məhsullarına üstünlük versinlər. Çətin həzm olunan, yağlı, ətli qidalardan çalışmaq lazımdır ki, çox az istifadə edilsin. Bir də, yemək qəbul olunacaq qədər hazırlanmalıdır. Qida insan sayına görə hazırlanmalıdır. Bəzən qidanı hazırlayıb soyuducuya müxtəlif qablarda, aliminium, yaxud plastik qablarda saxlayırlar. Lakin yayda yeməklər tez xarab olur. Ona görə də, yeməkləri soyuducuda, yaxud başqa yerlərdə çox saxlamaq məsləhət deyil. İstirahət, yaxud dəniz kənarına gedən insanlar özləri ilə yemək aparırlar. Bu qidalar da soyuducuda saxlanmır və istidə daha tez xarab olur. Bu da daha çox zəhərlənmə ehtimalı yaradır. İstirahətə gedərkən evdə hazırlanan yeməklərin aparılması məsləhət deyil.

Fövqəlada Hallar Nazirliyində (FHN) dəniz mövsümü ilə əlaqədar müəyyən təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilir. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu il dənizdə çimərkən 10-a yaxın insan batıb. Bir o qədər də insan batarkən xilas edilib.

Qeyd edək ki, FHN-nin strukturuna daxil olan 42 xilasetmə məntəqəsi, post və axtarış qrupu fəaliyyət göstərir. Onlardan 24-ü Bakı və Abşeron yarımadasının payına düşür. Digər 18 məntəqə respublikanın müxtəlif rayonlarında, yəni su hövzələrinin kənarlarında fəaliyyət göstərir.

Ötən ilin statistikasına görə, ən təhlükəli, ən çox ölüm hadisəsi qeydə alınan ərazilər Mərdəkan istiqamətində Mil-Qaya deyilən ərazi, Buzovna istiqaməti (həmin ərazidə burulğanlar, sualtı axınları olur), Novxanı-Corat aralığı (orada dəmir-betok konstruksiyalar quraşdırılıb) və s. zonalardır. Ora xüsusilə gənclər gedir. Bu da bədən xəsarətilə nəticələnir. Yaxud adam dəmir-beton kostruksiyanın altında qalır. Ümumiyyətlə, sahilboyu ərazidə quraşdırılan bütün lövhələrin tələblərinə riayət edilməlidir. Əgər insanlar xilasetmə xidmətinin fəaliyyət göstərdiyi məntəqələrin ərazilərində istirahət etsələr, suda boğulanları sayı azalar.

Sonda hamıya isti yay günlərində xoş istirahət, xətasız-bəlasız günlər arzu edirik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar