"Yaxında Qars-İğdır-Naxçıvan dəmir yolu ilə bağlı tender keçiriləcək"
16 Avqust 2011 Çərşənbə Axşamı 11:15
Bu barədə Türkiyənin nəqliyyat naziri Həbib Soluk jurnalistlərə müsahibəsində deyib
Bakı-Tbilisi-Qars dəmir yolu ölkələrarası əlaqələri genişləndirməklə yanaşı, həm də ticarət dövriyyəsinin artmasına xidmət edəcək. AzərTAc xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat naziri Həbib Soluk jurnalistlərə müsahibəsində deyib.

Türkiyəli nazir bildirib ki, hazırda Azərbaycanda bu istiqamətdə işlər sürətlə aparılır. Dəmir yolunun Türkiyə hissəsində işlər isə 2012-ci ildə tamamlanacaq. Tunellərin tikintisi və infrastruktur işləri bitdikdən sonra, bu xətt istismara hazır olacaq. Azərbaycanın və Gürcüstanın nazirləri ilə Almaniyada keçirilən görüşdə dəmir yolunun 2012-ci ildə hazır olacağı barədə razılıq əldə edildiyi bildirilib.

Nazir açılış mərasimində, həmçinin inşa olunan logistik mərkəzin də istismara veriləcəyini deyib. Mərkəz Pekin-Ədirnə-İslamabad dəmir yolu xətlərinin kəsişdiyi nöqtədə olacaq.
Bundan başqa, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi çərçivəsində hazırda Sivas şəhərinədək çəkilən sürətli qatar xətti də Qars şəhərinədək uzanacaq.

H.Soluk Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsinin də hazırlandığını qeyd edərək, yaxın aylarda tenderin keçiriləcəyini diqqətə çatdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar