Yaxın vaxtlarda Azərbaycanda alternativ enerjidən istifadə olunacaq
13 İyun 2010 Bazar 20:25
Ölkədə alternativ mənbələr hesabına istehsal olunacaq enerji ümumi balansın 20 faizini təşkil edə bilər.
Yaxın vaxtlarda Azərbaycanda alternativ və bərpa olunan enerjidən istifadə ediləcək. Sənaye və energetika naziri Natiq Əliyev alternativ enerjinin istehsalı, istifadəsi və nəqli haqqında qaydaların hazırlanaraq Nazirlər Kabinetində təsdiq olunduğunu və hər bir region üzrə hansı növ enerjidən istifadə olunacağının artıq müəyyənləşdiyini bildirib. "Azərbaycanın zonalarından asılı olaraq hansı regionlarda hansı növ alternativ və bərpa olunan enerji istifadəsi, genişlənməsi, onun inkişafı müəyyən olunub. Bəzi layihələr həyata keçirilib. Bu yaxınlarda alternativ enerjidən istifadə olunacaq. Bəzi rayonlarda bioqaz sistemi proqramları hazırlanıb və orada bioqazın istifadəsi var”, - deyə o bildirib.

N.Əliyev həmçinin əlavə edib ki, Qaradağ rayonunda günəş enerjisinin istifadəsi, orada panellərin istehsalı, yəni müasir yeni zavodların tikintisi məsələsi var.

Alternativ enerjidən istifadəyə dair dünya ölkələrinin təcrübəsinin öyrənildiyini deyən Natiq Əliyev bərpa olunan enerjinin istehsalı zamanı müasir avadanlıqlardan istifadə ediləcəyini bildirib: “Köhnələrdən istifadə etmək istəmirik. Bu gün dövlət agentliyi tərəfindən işlər gedir. Təcrübəsi olan ekspertlərlə işbirliyi qurulsun ki, onların elmi imkanlarından istifadə edə bilək. Ekspertlərdən ibarət komissiya olmalıdır, lisenziya verilməlidir. İstənilən şirkətə alternativ enerjinin istifadəsinə icazə verilməməlidir. Bunlar yoxlanılmalıdır”.

İlkin qiymətləndirmələrə görə, Azərbaycanda alternativ mənbələr hesabına istehsal olunacaq enerji ümumi balansın 20 faizini təşkil edə bilər. Qeyd edək ki, hazırda dünyada elektrik enerjisinin 13,5 faizi alternativ mənbələr hesabına istehsal olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar