Yanğından zərərçəkmişlər suallardan qaçır…
29 İyul 2009 Çərşənbə 17:05
Sığorta şirkətinin əməkdaşı hər sahibkarın 90-100 min manat ziyana düşdüyünü bildirib

 

Xəbər verdiyimiz kimi, dünən gejə saat 01.00 radələrində Bakının Binəqədi rayonunun ərazisində, Dərnəgül qəsəbəsindəki taxta bazarında yanğın baş verib. Təxminən iki hektar ərazini əhatə edən və 8 rayonun yanğından mühafizə dəstələrinin 30-a yaxın yanğınsöndürən maşınının cəlb olunduğu yanğını yalnız bu gün saat 13 30 radələrində söndürmək mümkün olub.

ANS PRESS-in hadisə yerində olan müxbiri xəbər verir ki, yanğınsöndürən maşınlar hələ də yanğın baş verən əraziyə gəlməkdədilər. Amma bununla belə yanğın artıq tam söndürülüb, amma yanğının hər zaman yenidən alışması ehtimalı olduğundan, yanğınsöndürənlər hadisəni nəzarətdə saxlayırlar. Havaya sovrulan tüstü qoxusu hadisənin baş verdiyi ərazidən xeyli uzaqlarda da hiss olunmaqdadır.
Hadisə yerində olan əməkdaşımızın sözlərinə görə, ətraf insan izdihamı ilə dolu olduğundan yanğınsöndürən maşınların da hadisə yerinə tez gəlməsinə müəyyən maneələr yaranır. Hadisə baş verən yerə aparan yol və bazarın yollarının böyük hissəsi yanğınsöndürən maşınların suyundan keçilməz palçığa dönüb. Bu, ətrafda hərəkət edən avtomobillərin və yük maşınlarının hərəkətinə də maneələr törədir, tıxaclar yaradırdı.

Hadisə yerində olan ANSPRESS müxbirinin zərərçəkmiş sahibkarlardan aldığı məlumata görə, hadisə elektrik cərəyanın qısa qapanmasından və ya elektrtk cərayanın artmasından baş verib.

Zərərçəkmişlərdən onlara dəyən zərərin miqdarını öyrənmək istəyən müxbirin suallarından yayınıblar. Kimisi «hadisə dünən olub, mən səhər gəlmişəm», kimisi « heç nədən xəbərim yoxdur», kimisi də «heç nə bilmirəm» kimi cavablar veriblər.

Bazardakı malların sığortalı olub olmadığı və ya sahibkarlara dəyən ziyana görə kimlərinsə kompensasiya ödəyib-ödəməyəcəyi sualları da cavabsız qaldı. Amma «Azsığorta» Sığorta Şirkətinin maşını və şirkətin əməkdaşları hadisə yerində idi. Onlar ilkin dəymiş ziyanı hesablayırdılar. Aldığımız məlumata görə, ilkin ehtimalla, hər bir sahibkara dəymiş ziyanın miqdarı 90-100 min manat təşkil edir. Bir mağazanı 2-3, bəzən isə 3-4 sahibakar müştərək istifadə etdiyindən, hər bir mağazaya dəymiş ziyan 200-300 min manat hesablana bilər. Bu ziyanın onlara ödəniləcəyini isə heç kəs güman etmir.

Aqşin Rafiqoğlu/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar