Yağışdan çıxıb, yağmura düşən bağça
14 Aprel 2009 Çərşənbə Axşamı 14:22
Yasamal rayonundakı 97 saylı uşaq bağçası özəlləşdiriləndən sonra burda yalnız səfil həyat tərzi keçirənlər gecələyir

 

2006-cı ilin avqust ayının 23-də prezidentin müvafiq sərəncamına əsasən ölkə ərazisində olan bir çox məktəbəqədər tədris müəssisələri özəlləşdirilməyə çıxarılıb. Özəlləşən məktəbəqədər müəssisələrdən biri də Yasamal rayonu Şərifzadə küçəsi 147 ünvanında yerləşən 97 saylı uşaq bağçasıdır. Mövcud şəraiti yaxşılaşdırmaq məqsədi ilə özəlləşdirilən bu bağça sanki yağışdan çıxıb, yağmura düşüb. İndi yarı uçmuş, divarları his-pas içində olan bina 2006-cı ilin avqust ayına kimi məktəbəqədər uşaq müəssisəsi olaraq fəaliyyət göstərib. Ancaq 2006-cı ildən müəssisə bağlanaraq özəlləşdirilməyə çıxarılıb.
İndi müəssisənin avadanlıqlarından əsər-əlamət qalmayıb. Otaqlar boş, divarlar uçuq -sökük vəziyyətdədir. Otaqlarda sadəcə sınıq, məişətə yararsız avadanlıqlardan və yan-yana düzülmüş pambıq döşəklərdən başqa gözə dəyən bir şey yoxdur. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, bağça özəlləşdiriləndən az sonra burda hər gecə səfil həyat tərzi keçirən insanlar gecələyirlər. Bəlkə də elə bunun nəticəsidir ki, bir neçə ayın ərzində binada 2 dəfə yanğın baş verib. Hər dəfə də yanğın bağçanın ikinci mərtəbəsindən- səfillərin yerləşdiyi otaqlardan başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər hər dəfə yanğını söndürərək digər ərazilərə keçməsinin qarşısını alıblar. Lakin yanğın zamanı binada kimsənin olmaması yanğının hansı səbəbdən baş verməsini aydınlaşdırmağa imkan verməyib.
Qeyd edək ki, özəlləşdirilən bağçalar 3 il təyinatı üzrə işləməli olsa da, sakinlər bu bağçanın özəlləşdiriləndən sonra bir gün belə işləmədiyini bildiriblər. Görəsən niyə? Bakı Şəhər Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı sözügedən 97 saylı müəssisənin 2008-ci ildən fərdi sahibkar tərəfindən özəlləşdirildiyini bildirib. Şöbə müdiri qeyd edib ki, bağçalar özəlləşdirilməyə çıxarılarkən Əmlak Komitəsinin rayonlar üzrə müvafiq idarələrindən özəlləşdirilməyə verilməsi və satılması ilə bağlı məktub daxil olduqdan sonra təhsil idarəsinin balansından çıxarılır. Özəlləşmiş bağçaların sonrakı taleyi isə Dövlət Əmlak Komitəsinin və müəssisənin yeni sahibinin ixtiyarındadır. Bakı Şəhər Baş Təhsil İdarəsinin rəsmisi onu da vurğulayıb ki, uşaq bağçaları özəlləşməyə çıxarılarkən ilk növbədə onların fəaliyyəti nəzərə alınır. Əgər müəssisənin işləməsi qənaət bəxş hesab edilmirsə, o zaman bağça özəlləşmə siyahısına salınır.

Dövlət Əmlak Komitəsindən isə bildirildi ki, sözügedən müəssisə özəl sahibkarlıq subyekti olduğundan quruma heç bir aidiyyatı yoxdur. Həmin bağça yalnız özəlləşmədə satışa çıxarıldığı müddətdə Dövlət Əmlak Komitəsinin ixtiyarında olub. Bağçanın sonrakı aqibətini isə yeni sahibkar təmin etməlidir.
Yeni sahibkarı tapmaq cəhdi isə səmərə vermədi. Görəsən, sahibkar özəlləşdirməyə dair prezidentin sərəncamına niyə əməl etmir? /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar