Xüsusi Dövlət Mühafizə Xidmətinin yaradılmasından 18 il ötür
23 Avqust 2011 Çərşənbə Axşamı 04:39
1993-cü il avqustun 23-də ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılıb
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin yaradılmasından 18 il ötür. XDMX birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökümət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir.
Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir.
1993-cü il avqustun 23-də ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin və yüksək vəzifəli şəxslərin təhlükəsizliyini, ali dövlət hakimiyyət orqanlarının mühafizəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılıb, sonradan isə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti kimi fəaliyyətini davam etdirib.
Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu keçib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX hərbi qulluqçuları da şərəflə iştirak edib, qəhrəmanlıq nümunələri göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə XDMX hərbi qulluqçularından 13 nəfəri şəhid olub, 21 nəfər itkin düşüb, 55 nəfəri isə müxtəlif dərəcələrdə yaralanıblar.Yaralanan hərbi qulluqçulardan 15 nəfəri əlil olub. XDMX-nin hərbi qulluqçusu - Milli Qvardiyanın Alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu göstərdiyi rəşadət və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin göstərilən fərmanı ilə çavuş Hacıəliyev Camal Şakiroviç (ölümündən sonra) “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1995-ci il tarixli Fərmanı ilə XDMX-nin 3 nəfər hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeni, 46 nəfər hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə, 26 dekabr 1998-ci il tarixli Fərmanı ilə 3 nəfər hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeni ilə, 23 nəfər “Hərbi xidmətlərə görə” medalı ilə, 14 nəfər isə “İgidliyə görə” medalı ilə təltif olunub.
DOSTLARINLA PAYLAŞ: