Xocalı faciəsi Meksika Konqresində anılıb
18 Fevral 2011 Cümə 10:53
Meksika parlamentinin deputatı faciənin ölkə ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində mümkün olan dəstəyin veriləcəyini bildirib
Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Meksika Biləşmiş Ştatlarındakı Səfirliyi və Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ilə birgə Meksika Konqresində tədbir keçirilib. Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbir zamanı səfir İlqar Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsinin nəticələrindən bəhs edən məlumat xarakterli prezentasiya ilə çıxış edib.

Qeyd edilib ki, Xocalıda baş vermiş soyqırım Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlər sırasında yalnız biridir. Həmçinin, Azərbaycanda mövcud olan dini və milli mənsubiyyət baxımından tolerantlıqla müqayisədə, ölkəmizin işğal edilmiş ərazilərində xalqımızın mədəniyyət irsinə qarşı Ermənistan tərəfindən həyata keçirilməkdə davam edən cinayətlər, məscidlərin və digər dini və tarixi abidələrin məhv edilməsi faktları dinləyicilərin diqqətinə çatdırılıb. Eyni zamanda, Azərbaycanın Meksikadakı Səfirliyi tərəfindən 2010-cu ilin fevral ayında Xocalı faciəsi haqda ilk dəfə olaraq ispan dilində hazırlanıb istifadəyə verilmiş www.justiciaparajodyali.org internet səhifəsi barədə görüş iştirakçılarına məlumat verilib.

Tədbirdə iştirak edən Meksika parlamentinin deputatı, Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Markos Peres Xocalıda baş vermiş hadisələrin Meksika ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində öz tərəfindən gələcəkdə də mümkün olan dəstəyin veriləcəyini bildirib.

Tədbirdə Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Meksika Konqresinin üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Xocalı faciəsi haqda Meksika ictimaiyyətinin məlumatlandırılması istiqamətində “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində tədbirlər silsiləsi davam etdiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar