Xəzər dənizində 6 saatlıq tur
29 May 2011 Bazar 15:51
Nargin adasına qədər davam edən gəmi gəzintisi yaşından asılı olmayaraq hər kəsin ürəyincə oldu
Mayın 28-də Respublika Günü münasibətilə Xəzər dənizində "General Əsədov" gəmisində 6 saatlıq gəzinti turu təşkil edilib. Mədəniyyət və Turizim Nazirliyinin təşkilatçılığı ilə 200 nəfərdən çox sərnişin dəniz səyahətinə çıxdı. Qonaqlar üçün 6 saatlıq əyləncə, ziyafət və konsertdən ibarət olan səyahət proqramında Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri və xarici qonaqlar, həmçinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov ikinci dəfə təşkil edilən dəniz gəzintisinin maraqla qarşılanmasından məmnunluğunu bildirdi.
"Azərbaycanda gəmi gəzintisinin potensialı var. Bir turizm növü kimi bunu inkişaf etdirmək olar. Turizm şirkətləri gələn qonaqlar üçün belə bir turizm növünü məhsul kimi ortaya çıxarmaqdan qorxmasınlar. Buna maraq var. Elə bugünki tədbir də bunu göstərir", deyə M. Qəhrəmanov qeyd edib.
Tədbirin maraqlı keçməsi üçün nəzərdə tutulan proqramda, incəsənət xadimləri, gənc müğənnilər və rəqqaslar çıxış etdilər. Səyahət zamanı sərnişinlərin təhlükəsizliyi yüksək səviyyədə təmin olunmuşdu. Nargin adasına qədər davam edən gəmi gəzintisi yaşından asılı olmayaraq hər kəsin ürəyincə oldu.
Xatırladaq ki, 6 saatlıq gəmi gəzintisi ilk dəfə olaraq ötən ilin mayın 9-da Qələbə bayramının 65 illik yubileyi münasibətilə təşkil olunub.
DOSTLARINLA PAYLAŞ: