Xarici radiostansiyaların Azərbaycanın milli tezliyində yayımlanması ilə bağlı ötən ildən aparılan danışıqlar eyni vəziyyətdə qalıb. Bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi ilə yerli FM dalğalarının, milli teleradio şirkətləri üçün nəzərdə tutulmuş yayıcı vasitələrin xarici radiolara icarəyə və istifadəyə verilməsi qadağan edilib. Bu səbəbdən onların FM dalğalarında yayımının yenidən bərpası qeyri-mümkündür.
“Bununla belə dəfələrlə bəyan etmişik ki, bu radiostansiyaların dünyanın başqa ölkələrində, Avropada hansı vasitələrlə - peyk, internet vasitəsi, digər dalğalardan istifadə etməklə yayımlanmasına şərait yaratmağa hazırıq”,- deyə Əli Həsənov söyləyib.
O həmçinin qeyd edib ki, dövlətlərarası müqavilə əsasında bu radioların Azərbaycanda yayımının həyata keçirilməsinə dair məsələ də qaldırılıb. "Biz buna da etiraz etmədiyimizi bildirdik. Amma mövcud halda Azərbaycan qanunvericiliyi həmin radioların FM dalğalarında yayımına icazə vermir. Söhbət yalnız FM-dən gedir. Qalan dalğalarda isə onların yayımını təmin etməyə hazırıq və bu gün də həmin təminatı veririk”, - deyə Ə.Həsənov bildirib.ANSPRESS
Xarici radiostansiyaların yayımının bərpası mümkünsüzdür
Əli Həsənov: “Ötən ildən aparılan danışıqlar eyni vəziyyətdə qalıb”




Şərhlər