Xaçmaz sakinləri işıqsız qalıb
29 İyul 2009 Çərşənbə 12:30
Xudat şəhərindəki 2 elektrik xəttində qısaqapanma olub, naqillər qırılıb

 

İyul ayının 28-də şimal rayonlarında havanın temperaturu qəfildən düşüb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, günün ikinci yarısından başlayaraq rayonlarda şimal küləyi ilə müşahidə edilən yağış yağmağa başlayıb. Quba, Qusar, Dəvəçi və Siyəzən rayonlarına ziyan dəyməsə də, Xaçmazın elektrik enerjisi ilə təminatında problemlər yaranıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Akif Mərdanov rayonun yaşayış məntəqələrinin 40 faizində işıq olmadığını bildirib.

Xudat şəhər elektrik sahəsinin rəisi Mustafa Rəsulovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, saat 19:00 radələrindən başlayan yağıntı səhərə kimi davam edib. Nəticədə 2 ədəd 10 kv yüksəkgərginlikli elektrik xəttində qısaqapanma olub, elektrik naqilləri qırılıb. Pirquloba, Yeni Həyat, Hacı Məmmədoba, Qoçaqlı, Ağaşirinoba, Molla Oba və sairə kəndlərdə, o cümlədən Xudatın Qusar rayonu ilə sərhəddə yerləşən Ləgər Qışlaq kəndində elektrik enerjisi olmayıb.

Bu gün isə 4 kəndə işığın verilişi bərpa edilib. Digər yaşayış məntəqələrinin elektrik təsərrüfatına dəyən ziyan isə gün ərzində bərpa ediləcək.

Quba ərazi Hidrometeorologiya İdarəsinin rəisi Şahbala Salmanov da yağış və külək nəticəsində şimal bölgəsində ciddi fəsadlar olmadığını bildirib. Yalnız çaylarda suyun həcmi artıb.

Aytəkin Alxaslı/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar