Vüqar Həşimov kimi gənclərinin sayı azdır
01 Fevral 2014 Şənbə 19:13
Vüqar Həşimov kimi gənclərinin sayı azdır. Gənclik hər şeyə qadirdir, hətta deyərdim ki, zaman gənclərin çiynində gedir.
Deyirlər ki, hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsilə bağlayır. Bu elə bir aksiomadır ki, qətiyyən inkar edə bilməzsən. Gənclik hər şeyə qadirdir. Hətta deyərdim ki, zaman gənclərin çiynində gedir.

Uzağa yox, 90-cı illərin əvvəllərinə baxaq. Meydanı azadlıq hayqırtıları ilə dolduranların böyük əksəriyyəti gənclər deyildimi? Qarabağ prosesləri başlayanda çağırış - filan gözləmədən könüllü dəstələr yaradaraq vətəni müdafiəyə qalxan yenə də gənclərdi. Böyüklərin nifrətinin, qəzəbinin qurbanı olan bu balacalar da sağ qalsaydılar bu günümüzün gəncləri olacaqdı. Bu günkü gənclik də əmin-amanlıq dövrünün gəncliyi deyil. Bu gün də mübariz oğullarımız var ki, ölümün düz gözünün içinə baxa-baxa düşmənin üzərinə gedir, hərbi xidmətini yerinə yetirərkən şəhid olur, taxta tabutlarda qapılarımıza qayıdırlar.

Amma fərqli gənclərimiz də var. Onlar vətəndə yox, Suriyada döyüşüb həlak olmağı istəyirlər və onların sayı hər gün bir az daha artır. Ümumilikdə götürdükdə müasir gənclik müharibə şəraitində olan ölkənin gəncliyinə heç bənzəmir. Mən onlarda Qarabağı xilas etmək əzmini görmürəm. Əslində bu süjeti 10 gün əvvəl hazırlamaq istəyirdim. 20 yanvarda şəhidlər xiyabanında qarşılaşdığım hadisələrdən sonra . Təsəvvür edin, əlində qərənfil şəhidləri yad etməyə gələn gənclər kamera görüncə necə eybəcərləşdilər, ifadə edə bilmirəm. Bəli kamera güzgüdür və mən o güzgüdə hər şyei necə var elə, düzü düz , əyrini əyri gördüm. Və bu qənaətə gəldim ki, bu gün əksər gənclərimizi Qarabağdan, dəyərlərdən, mentalitetdən və nə bilim daha nələrdən də çox sosial şəbəkələr, internet klublar, çayxanalar və s. maraqlandırır. İndi sosial şəbəkə çoxumuzun həyat tərzinə çevrilib və burdakı dostlarım hərə bir yandan məni qınaya bilər ki, burda pis nə var? Orada yekə-yekə məsələlərin taleyüklü problemlərin müzakirəsi gedir və s. Başa düşürəm. Amma heç də hamı bu sosial şəbəkələrdə taleyüklü məsələləri müzakirə etmir axı. Heç orta məktəbi bitirməmiş gənc tanıyıram ki, təhsil haqqında yox, sosial şəbəkədə tanış olduğu ailəli qadınla evlənmək haqqında düşünür. Bu günün gənci həm də İsa Şahmarlıdır. Hansı ki, bu dünya mənim mavi rəngimdə deyil -deyib də özünə qıyır. Amma dünyasının rəngi ağ və qaralardan ibarət olan Vüqar Həşimov da bu günün gənciydi. Azərbaycanın Vüqarı, qüruru olan belə gənclərimizin sayı deməzdim ki, çox azdır. Amma heç çox da deyil. Çoxluq əyalətlərdədir. Onlar nə işlə məşğul olurlar, ümumiyyətlə məşğul olmağa iş tapa bilirlərmi ? İşsiz gəncin sabahkı yeri haradır? İntihar üçün qalxdıqları bu körpülərmi? Təəssüf ki, sualların da sayı çoxdur, belə gənclərin sayı da...Biz bu çoxluğu mütərəqqi fikrlərin daşıyıcısı olan intellektual çoxluq kimi görmək istəyirik. Çünki, bunu Qarabağda həyatını itirən minlərlə gəncin və gənc olmağa macal tapmayan bu köbrpələrin ruhu bizdən tələb edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar