Veteranların pensiyaları artırıldı
01 Fevral 2010 Bazar Ertəsi 11:50
1941-1945-ci illər müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artıb
1941-1945-ci illər müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Bu artım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2009-cu il tarixli “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram”ın təsdiq edilməsi haqqında sərəncamı çərşivəsində həyata keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, “1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”da Dövlət Sosial Müdafiə Fonduna 1941-1945-ci illər müharibəsi iştirakçılarının pensiyalarının baza hissəsinə əlavələrin edilməsi barədə təkliflərin verilməsi barədə tapşırıq verilmişdi. Bu tapşırığa uyğun olaraq hazırlanan təkliflər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyışikliklər və əlavələr sırasında yer alıb. Prezident tərəfindən təsdiqlənən dəyışikliklər və əlavələr 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minib.
Artıq Dövlət Sosial Müdafiə Fondu tərəfindən artımın şamil olunduğu şəxslərə çatdırılması yanvar ayı üzrə həyata keçirilib. Bu artımın maliyyələşməsi üçün müvafiq vəsaitlər Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: