Veteranlara şad xəbər var
07 May 2014 Çərşənbə 17:36
İclasda qərara alınıb ki, elmi müəssisə və təşkilatlarda çalışan veteranların əmək qabiliyyətini nəzərə alaraq, onların faydalı əmək fəaliyyəti üçün lazımi şərait yaradılsın.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Birləşmiş Veteranlar Şurası Akademiyanın 70 illik yubileyi ərəfəsində bir sıra tədbirlər həyata keçirəcək.

AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, bu barədə qərar Rəyasət Heyətinin iclasında qəbul olunub. Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, özündə 36 elmi müəssisə və təşkilatın eyni adlı qurumunu birləşdirən şuranın 1866 üzvü vardır. Onlardan 19 nəfər akademik, 33 nəfər müxbir üzv, 277 nəfər elmlər doktoru və 670 nəfər fəlsəfə doktorudur. Həmçinin, 8 nəfər Böyük Vətən, 107 nəfər isə Qarabağ və Əfqanıstan müharibəsi iştirakçılarıdır.

Akademik A.Əlizadə 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilən “Veteranlar haqqında” qanunu xatırlatmış, şuranın bu sənəddən irəli gələn vəzifələri yerinə yetirərək il ərzində öz fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulayıb. AMEA prezidenti əlavə edib ki, şura ictimai qurumlarla əlaqələrini genişləndirmiş, elmi müəssisələrdə veteran təşkilatlarının fəaliyyətinin möhkəmləndirilməsinə, veteran fəallarının təşəbbüslərinin çoxaldılmasına və gənclərin vətənpərvərlik tərbiyəsinə diqqəti artırmışdır. Bildirilib ki, bu məqsədlə şura üzvləri gənclər və şagirdlərlə tez-tez görüşlər keçirir.

İclasda qərara alınıb ki, elmi müəssisə və təşkilatlarda çalışan veteranların əmək qabiliyyətini nəzərə alaraq, onların faydalı əmək fəaliyyəti üçün lazımi şərait yaradılsın.

Tədbirdə həmçinin bildirilib ki, 2015-ci il aprelin 17-də “Böyük Vətən müharibəsinin qələbəsində SSRİ alimlərinin rolu” mövzusunda beynəlxalq konfransın keçirilməsi AMEA-ya və Respublika Veteranlar Şurasına həvalə edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar