Bu gün Vergilər Nazirliyi Bakı şəhəri ərazisində fəaliyyət göstərən mövsümi xarakterli obyektlərdə, eləcə də əhalinin tez-tez müraciət etdiyi iaşə və kütləvi istirahət məkanlarında, yoxlama aparıb. Vergilər Nazirliyinin vergi müfəttişi Ayaz Kərimovun ANS TV-yə bildirdiyinə görə, yoxlamanın aparılmasında məqsəd əhali ilə nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsinə nəzarəti gücləndirməkdən ibarət olub.
İlk reyd Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən istirahət məkanlarından birində baş tutub. Belə ki, burada aparılan yoxlama nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığını aşkar edib və müvafiq cərimələr tətbiq edilib.
Tətbiq olunan cərimə qadağalarına gəlincə, Ayaz Kərimov bunun həm fiziki, həm də hüquqi şəxslər üçün eyni olduğunu bildirib. Belə ki, qanunu il ərzində birinci dəfə pozan sahibkar 400 manat, bu hal təkrar olunuqda 800 manat, qanun pozuntusunu növbəti dəfə həyata keçirən sahibkar isə 1200 manat məbləğində cərimə ödəyir.
Reydin keçirildiyi növbəti ünvan Hövsan qəsəbəsi ərazisində yerləşən digər istirahət məkanı olub. Vergi müfəttişləri burada da eyni vəziyyətlə qarşılaşıb və məkanın sahibi yaranmış pozuntunu işçilərin səhlənkarlığı ilə əlaqələndirib. Sahibkar bu il müştəri azlığından da şikayətlənib.
Qeyd edək ki, reyd keçirilən istirahət məkanları pullu xidmət göstərir. Belə ki, 3 yaşdan 7 yaşa qədər olanlar 1 manat, 7 yaşdan 12 yaşadək 2 manat, 12 yaşdan 18 yaşadək 3 manat, 18 yaşdan yuxarı olanlarsa 4 manat ödəməlidir.
Sonda qeyd edək ki, Vergilər Nazirliyinin apardığı reydlər nəticəsində 2009-cu ilin yanvar-iyun ayları ərzində 6046 obyektdə qanun pozuntusu faktı aşkar olunub. Qanun pozuntularına yol vermiş şəxslərə isə 1 milyon 473 min manat məbləğində maliyyə sanksiyası və 2460 manat məbləğində inzibati cərimə kəsilib. /ANS TV/