Vergidən yayınanın stol-stulu siyahıya alındı
15 Oktyabr 2014 Çərşənbə 11:52
Borclu vergi ödəyicilərinin əmlakını siyahıya alma tədbirləri həyata keçirilib.
Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb.
ANS PRESS-in Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinə istinadla verdiyi məlumata görə, Bakı şəhər Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Z.Bünyadov küçəsi, 1965-ci məhəllədə yerləşən, “Kaspian Elektrik LTD” MMC-yə məxsus “Kaspian” elektrik malları mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Vergi ödəyicisinin fəaliyyəti araşdırılarkən, onun 3641 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb, 3800 manat dəyərində əmlak müvafiq qaydada siyahıya alınıb.
Vergi orqanı əməkdaşları tərəfindən Səbail rayonu, Niyazi küçəsi, ev 5 ünvanında yerləşən, “Ranel” MMC-yə məxsus “Tempur” yataq ləvazimatları mağazasında da əmlakın siyahıya alınması tədbirləri keçirilib. Müəssisənin 3166 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə mağazadakı 3200 manat dəyərində ortopedik matraslar və yataq dəstləri müvafiq qaydada siyahıya alınıb.
Əmlakın siyahıya alınması ilə bağlı daha bir tədbir Nəsimi rayonu, Nizami küçəsi, ev 117 ünvanında yerləşən, İmanov Valid Telman oğluna məxsus “Konti” kafesində həyata keçirilib, Vergi ödəyicisinin 2629 manat məbləğində borcunun ödənilməsi məqsədilə 2700 manatlıq stol və stul və müxtəlif növ spirtli içkilər siyahıya alınıb
DOSTLARINLA PAYLAŞ: