Varlı adamların çörəyi...
08 Fevral 2013 Cümə 19:39
ANS PRESS 900-a yaxın kənd dəyirmanın boş dayanmasının səbəbi ilə maraqlanıb
İndi Bakıda vəziyyəti orta olan və ya nisbətən varlı adamlar bacardıqca dükan-bazar çörəyi yemirlər - kəndlə yaxın əlaqəsi olan imkanlılar biçin vaxtı özlərinə buğda tədarükü görürlər, onu kənd dəyirmanında üyütdürürlər və Bakıya gətirərək bütün ilboyu çörəyi evdə bişirtdirirlər. Müasir texnologiya da buna imkan verir - indi bir dəfəyə 2 kiloqrama yaxın çörək bişirən elektron avadanlıqlar satılır ki, onların xəmir yoğurub keyfiyyətli çörək bişirməsi üçün ev sahiblərinin sadəcə lazımi miqdarda unu, suyu, duz və mayanı bunkerə qoyması kifayətdir. «Dörd nəfərlik ailəyik, 6 kisə un bizə yetir, onu da kənddən gətirmək elə də çətin deyil. Hər halda, supermarketlərdə kiloqramı 0,8-1 manata satılan unları alıb çörək bişirməkdən daha ucuz başa gəlir. Bu, həm də bir az patriotluq məsəsələsidir - hər halda, mən övladlarıma Azərbaycan çörəyi yedirirəm»,- deyə övladlarına Göygöl çörəyi yedirən Bakı sakinlərindən biri ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.
ANS PRESS-in araşdırmasına görə, əslində, varlı adamları Azərbaycan çörəyi yeməyə vadar edən səbəb təkcə özləri dediyi kimi, vətənpərvərlik məsələsi deyil. Bir ara mətbuatda dükan-bazarda satılan çörəyi aşağı keyfiyyətli ucuz buğdadan istehsal edilməsi, belə çörəyin mineral bazasının zəif olması, onlarda özlük dərəcəsinin (kleykovina) dərəcəsinin qaldırılması üçün fenol əsaslı «Unofer» kimi preparatlardan istifadə edilməsi barədə çox məlumatlar dərc edilirdi ki, bu, imkanlı adamları, təbii ki, qorxudur. Belə olan halda, onların il üçün çörək tədarük etməsi çox da bahalı başa gələn layihə deyil - 6 kisə un almaq üçün yarım ton buğda almaq lazımdır ki, bu da mövsümdə uzağı 150-170 manat tutur. Onu kənd dəyirmanına aparıb gətirmək 40 manata, üyütmək isə 20 manata başa gəlir. Yəni Bakıya daşımaq xərci nəzərə alınmazsa, unun kisəsi yerində 35 manata başa gəlir ki, ailə bu unla təxminən 75 kiloqram çörək bişirə bilir. Dükanlarda hətta ən ucuz zavod çörəyin kiloqramının 50 qəpik olduğu nəzərə alınarsa, bu, orta imkanlı şəhər ailəsinə elə də bahalı gəlmir. Bəzi varlılar hətta daha irəli gedərək Almaniya istehsalı ev dəyirmanları alır, Bakıya ancaq taxıl gətirməklə çörək ehtiyaclarını ödəyirlər. 1 kiloqram buğdanı 4 dəqiyəyə üyütməyi bacaran, ölçüsü şirəçəkən boyda olan belə dəyirmanları onlyan vasitəsi ilə 500 dollara əldə etmək mümkündür ki, bu, imkanlı adamlar üçün elə də çətin məsələ deyil.
Amma bütün bunlar Azərbaycanın sadə kənd camaatının imkanında deyil, çünki bahadır, hazırda istənilən kənddə iri dəyirman komplekslərinin idxal buğdadan istehsal etdiyi unun kisəsinin qiyməti 23 manatdan yuxarı deyil. Belə unu istifadə etmək də rahatdır, yəni heç bir əziyyəti olmadan, dəyirman yollarına düşmədən çörək problemini həll etmək olur. Buna görə də hətta buğda əkən ailələr belə öz məhsulunu bazarda yem kimi kiloqramı 20-25 qəpikdən topdan sataraq dükan unu almağa üstünlük verirlər. İlk baxışdan hər şey əladır - alan razı, satan razı.
Amma bu da var ki, Azərbaycanda kənd ailələri ərzaq buğdası tədarükündən əl çəkirlər. Hazırda Azərbaycan kəndlərində 4,2 milyon insan yaşayır və adambaşına illik ehtiyacı 120 kiloqram hesabı ilə belə götürəndə bu, 500 min tondan çox keyfiyyətli ərzaq buğdası deməkdir. Yəni kəndlərdə əhali özünün istehsal etdiyi ərzaq buğdasını istifadə edərsə, bu, ölkəyə idxal edilən 1 milyon ton ərzaq buğdasını yarıbayarı azalda bilər. Amma indi reallıq odur ki, Azərbaycan kəndində istehsal edilən buğda əsasən heyvandarlıqda yem kimi istifadə edilir.
Məsələnin başqa tərəfi isə Azərbaycanda kənd dəyirmanlarının tarixə qovuşması ilə bağlıdır. ANS PRESS-in araşdırmasına görə, indi ölkənin rayonlarında istifadəyə yararlı şəkildə mövcud olan 900-a yaxın dəyirmanın potensialından 20-25 faiz səviyyəsində istifadə edilir. Bəzi dəyirmanlar isə hərdən-bir gətirilən buğdanın tonu üçün verilən 30-40 manatı rentabelli saymayaraq fəaliyyətini birdəfəlik dayandırıb. Günlük 20-25 ton buğda üyütmək imkanına malik bu dəyirmanlar orta hesabla 2 min ailəyə xidmət edir. Əgər bu ailələrin hamısı buğda üyüdərsə, ildə bu, təxminən 2 min tona yaxın buğda edir ki, dəyirmanın illik qazancı o zaman 60 min manata qədər olar ki, bununla da yetərincə rentabelli biznes yaratmaq mümkündür. Amma reallıqda belə deyil. Dəyirmanlar ayda bir neçə gün bir neçə ton taxıl üyüdür ki, bu da daimi işçi saxlamağa imkan vermir. Belə dəyirmanlar hətta istifadə etdikləri elektrikin pulunu ödəməyə çətinlik çəkirlər.
Kənd Təsərrüfatı Nazirliyində (KTN) də məsələdən halidirlər və bunun bazar münasibətlərinin təzyiqi nəticəsində baş verdiyini vurğulayırlar. Amma KTN-in bitkiçilik şöbəsinin müdiri Sabir Vəliyev bu istiqamətdə işlərin getdiyini də vurğulayır: «Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində biz 2020-ci ilə kimi ölkədə keyfiyyətli bol buğda istehsalını artırmaq üzrə tədbirlər görürük ki, kənddə istehsal edilən ərzaq buğdası keyfiyyətli olmaqla yanaşı, həm də bol olsun. O zaman bazarda konyukturanı idxal buğdası yox, yerli buğda müəyyən edəcək. Yəni keyfiyətli yerli buğda o qədər bol olacaq ki, iri dəyirmanların topdanalış qiyməti ilə yerlərdəki satış qiymətləri eyni olacaq. Bu zaman kəndli üçün un almaq yox, öz buğdasını üyüdüb una çevirmək daha əlverişli olacaq. Ümid edirəm ki, bu, yaxın illərdə baş verəcək»,- deyə Sabir Vəliyev vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: