Vahid Mustafayev: Birinci olmaq həmişə çətindir
09 Mart 2011 Çərşənbə 23:41
Vahid Mustafayev: "Bu gün ANS Azərbaycanda media sahəsində ən böyük vergi verən təşkilatdır".
Bu gün – martın 9-da MDB məkanında ilk müstəqil televiziya olan ANS-in lisenziya almasından 19 ili tamam oldu. Bu münasibətlə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafafev ANS televiziyasının efirində yayımlanan “Nəzər Nöqtəsi” verilişinin qonağı olub. Vahid Mustafayev veriliş zamanı ANS-in yaranması ilə bağlı xatirələrini və gələcək planlarından danışıb:

- O zaman biz fikirləşirdik ki, müstəqil ölkənin müstəqil televiziyası olmalıdır. Bu məqsədlə biz – mən, Mirşahin, Seyfulla fəaliyyətə başladıq. Çox çətin zaman idi. Maddi baxımdan da bilirsiz ki, televiziya çox bahalı bir təşkilatdır. Lakin bunların hamısını həyata keçirmək üçün əlimizdən gələni edirdik. 4 yerdə işləyirdik. Qazandığımız pulları bu işə sərmayə kimi yatırırdıq. Hətta o vaxt mən bu barədə atamla məsləhətləşəndə, o bunu gülüşlə qarşılamışdı ki, “sən nə danışırsan, televiziya yaratmaq o qədər asan bir iş deyil”. Mənə tövsiyə etmişdi ki, bu işə qarışmayım. Ona görə ki, gecə ilə gəlib hamımızı apararlar.

- Həmin dövrün tələbləri yəqin bunu diqtə edirdi?

- Mənim əmim və babam da repressiya qurbanı olmuşdular. Ona görə də onlar bu xofla yaşayırdılar. Lakin biz bunu qarşımıza məqsəd qoyduq və nail olduq. Mənə elə gəlir ki, bunu yaratmaq lazım idi. Kimsə onu etməli idi. Azərbaycan xalqına o zaman informasiya çox lazım idi. Və həmin məkanda, həmin şəraitdə biz yarandıq və bu işi öz öhdəmizə götürdük.

- Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”lə bağlı belə bir fikri var idi: Molla Nəsrəddini zəmanənin özü yaratdı. Bu fikri ANS-ə də şamil etmək olarmı?

- Tamamilə doğrudur. Demək olar ki, biz zəmanənin balalarıyıq. ANS də zəmanənin təşkilatıdır. İş orasındadır ki, o zəmanədə daxili qalmaqaldan başqa, xarici qüvvələrin də Azərbaycanda maraqları çox idi. Bu qalmaqalların bir hissəsini də elə onlar təşkil edirdilər. Əsas məqsəd Azərbaycanın təbii sərvətləri və potensialından faydalanmaq idi. Bu zaman biz nəinki daxilə məlumat verirdik, xaricə də məlumat verirdik. Müharibə başlamışdı, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmışdı. Digər etnik problemlər də mövcud idi. Bunların hamısı bizdən tələb edirdi ki, biz obyektiv, vicdanlı və qərəzsiz xəbərləri ictimaiyyətə çatdıraq.

- Yeri gəlmişkən ANS Ermənistan-Azərbaycan münaqişəsi dövründə yarandı. ANS-in Dağlıq Qarabağ müharibəsindəki rolu nədən ibarət idi?

- Həmin zaman sovet televiziyası var idi. Lakin onların müharibə və ekstremal şəraitdə işləmək üçün heç bir imkanları, təcrübəsi yox idi. Biz isə müxtəlif televiziya şirkətləri ilə əməkdaşlıq edirdik. Demək olar ki, dünyanın bütün qaynar nöqtələrində fəaliyyət göstərirdik. Bu təcrübədən istifadə edərək biz Azərbaycana məlumatları gətirirdik. Tamaşaçılarımıza aydın şəkildə vəziyyəti nümayiş etdirirdik. Vəziyyətin hansı tərəfə cərəyan edə biləcəyini analitik məlumatlarla çatdırırdıq. Mənə elə gəlir ki, bu günləri bizim belə bir stabil ölkədə yaşamağımızda ANS-in də bir rolu var. Biz əlimizdən gələni edirdik ki, pul əldə edək, işləyək, bütün televiziya kanaları ilə faydalı əməkdaşlıq edək, onlardan hansısa biliklər əldə edək və onu Azərbaycana tətbiq edək.

- ANS ilk olduğuna görə bir az çətin və mürəkkəb yol keçib. Bəzən onu başa düşmürlər, bağlayırlar...

- Bu normal bir haldır. Birinci olmaq həmişə çətindir. Birinci olaraq biz yenilik gətirmişik, yeni nəfəs gətirmişik. Yaranan gündən biz hamımız yüksək səviyyəli peşəkar deyildik. Biz işləyə-işləyə kurslar keçirdik. CNN, ARD və digər kanallarda biliklər əldə edirdik, təlimlərində iştirak edib bu bilikləri Azərbaycana gətirirdik. Biz Ermənistan-Azərbaycan müharibəsini işıqlandıranda, bizimkilər və ya düşmənlər ifadəsindən istifadə etmirdik. Bu günləri də istifadə etmirik. Biz həmişə deyirdik ki, erməni və ya Azərbaycan tərəfi. Biz hər hansı bir hadisəni işıqlandıranda, bu hadisədə iştirak edən hər bir tərəfin mövqeyini çatdırmağa çalışırdıq. Lakin sovet təbliğat maşınına öyrənmiş insanlar, siysətçilər, ağıllı adamlar hətta bizi başa düşmürdülər. Həmişə bizdən soruşurdular ki, “Siz kimin tərəfindəsiniz? Gah nala vurursuz, gah mıxa vurursuz, biz sizi başa düşə bilmirik”. Biz onlara başa salmağa çalışırdıq ki, biz heç kəsin tərəfini saxlamırıq, biz çalışırıq ki, hadisələri işıqlandıraq. Tərəf tutmaq sizin işinizdir. Bizim işimiz sadəcə olaraq xəbər verməkdir.

- İndi ANS haqqında belə bir fikir səslənir ki, ANS indi həmin ANS deyil. Nə baş verir, zəmanə dəyişib, yoxsa biz dəyişmişik?

- Bunu doğrudan da deməyə əsas var. Bu gün ANS doğrudanda həmin ANS deyil. Bunun bir neçə səbəbləri var. Biz insanların yaddaşında qaldığımız vaxt, müharibə vaxtı idi. Daxili gərginlik, Ermənistanla müharibə, etnik problemləri var idi. Bu şəraitdə biz təbii ki, insanların yaddaşında fərqli bir informasiya strukturu kimi qalmışdıq. Lakin bü günləri bizim fəaliyyətimiz stabil bir vəziyyətdə davam edir və iqtisadi durğunluq yoxdur, iqtisadi inkişaf var. Bizim kanalımızda da inkişaf özünü biruzə verir. Sözsüz ki, biz bu günləri artıq müharibəni işıqlandırmırıq. Biz bu günləri daxili gərginlikləri və prosesləri, etnik problemləri işıqlandırmırıq. Ona görə də ola bilsin ki, köhnə kişilərə biz bir az fərqli görünürük. Amma bir peşəkar komanda olaraq, texniki nöqteyi-nəzərdən yeni təfəkkür, yeni teleradio, nəşri imkanları Azərbaycana gətirən struktur olaraq biz qalırıq. Bu günləri də biz inkişafdayıq və ANS olaraq xəbərin önündəyik.

- Siz ANS-in rəhbəri olmaqla yanaşı həm də reportyorluq edirsiz. Sizin səsiniz Əfqanıstandan da gəlib, Livandan da. Reportyorluq həyatında unuda bilmədiyiniz bir məqam varmı?

- Mən dünyada olan bütün müharibələrdə olmuşam. İş orasındadır ki, mənim yaddaşımda müharibə ilə bağlı çox pis şeylər qalıb. Mən onlardan danışmaq istəməzdim. Amma mənim o müharibələrə getməkdə məqsədim ondan ibarət idi ki, bizim gənc müxbirləri ora göndərmək istəmirdim. Onların həyatı, hər bir ANS-çinin həyatı bizim üçün çox vacibdir.

- Eyni zamanda ANS bir çox reportyorlar hazırlayıb. Buna xeyli vaxt sərf etmisiz. Amma bu gün onlardan bir çoxunun səsi ya başqa televiziyalardan, radiolardan və ya dövlət qurumlarından gəlir. Bu sizi narahat etmir ki?

- İş orasındadır ki, biz fəaliyyətə başlayanda, məqsədimiz ANS-ə yox, Azərbaycana qulluq etmək olub. Mən çox fəxr edirəm ki, bizim yetişdirdiyimiz peşəkar müxbirlərin səsi bu gün yüksək tribunalardan, digər radio-televiziyalardan gəlir. Onları biz öyrətmişiksə, onlar həmişə də qeyrətli, namuslu vətənpərvər insanlar olacaqlar. Bu ancaq fəxr gətirə bilər bizə.

- ANS-in sabahı barədə nə düşünürsüz?

- Bizim çox böyük planlarımız var. Biz əsasən yeniyetmə və uşaqlara daha çox diqqət ayırmaq planlışdırırıq. Bu məqsədlə biz Qafqazda ən böyük olan kinostudiya yaratmışıq və orada artıq yeniyetmələr üçün filmlər çəkmək istəyirik. Artıq 3 ssenarimiz hazırdır, rejissorlarımız, avadanlıqlarımız var. Lakin bu kinostudiyanın rəsmiləşdirilməsi problemi qalıb. O da yaxın günlərdə İnşallah həll olunacaq. Bundan əlavə dünyada gedən iqtisadi böhranın fəsadları bizdə də özünü biruzə verib. Reklam nöqteyi-nəzərdən gəlirlərimiz azalıb. Amma biz bu vəziyyətdən çıxış yollarını tapmışıq. İqtisadi münasibətlərimizi əməkdaşlarımızla digər müstəvidə qurmağı bacarmışıq. Bu günləri biz öz əməkdaşlarımızla əsasən peşəkar partnyorlar kimi işləyirik. Belə şəraitdə onlar üçün daha çox pul qazanmaq imkanı yaranır. Biz isə öz növbəmizdə daha geniş işlər açmağa imkan qazanırıq. Yeni iş yerləri açılıb, insanlar ondan faydalanır. Biz də Azərbaycana daha çox peşəkarlar hazırlamağı bacarırıq və daha çox vergi veririk. Bu gün ANS Azərbaycanda media sahəsində ən böyük vergi verən bir təşkilatdır. Bu da bizim üçün böyük bir fəxrdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar