Unudulmuş mayaklardan fotoreportaj
26 Aprel 2014 Şənbə 13:03
Azərbaycanda 9 mayak var ki, bunlar da qədim tikililər üzərində quraşdırılıb.
Ilk baxışdan lazımsız görünən köhnəlmiş vasitələr ağlıma gəlmədiyimiz zamanlar əlimizdən tuta bilər. Belə bir hadisə uzun müddətdir balıqçılıqla məşğul olan Kənan adlı balıqçının başına gəlib. Uzun müddət balıqçılıqla məşğul olan 50 yaşlı Kənan Mustafayev həmişə hər bir avadanlıqla təchiz etdiyi komfortlu qayığı ilə qürrələnib. Lakin bir gün Kənanı lazımsız bildiyi mayak işığı xilas edib.

“Sakit bir gündə qayıqla dənizə çıxmışdım. Həmişəki kimi balıq tutmaq üçün bütün hazırlıq görülmüşdü. Qayıqda dənizə çıxmaq üçün hər bir avadanlıq saz vəziyyətdə idi. Hətta min manatlıq naviqator sistemi də quraşdırılmışdı. Bu səbəbdən rahat şəkildə sahildən xeyli aralaşmışdıq. Bİrdən tufan başladı. Geri qayıtmaq istədikdə isə yolu itirdik. Siqnallar itdiyi üçün naviqator sistemi işləmirdi. Bizi Amburan mayakının işıqları xilas etdi”, - deyə Kənan Mustafayev bildirib.

Balıqçı deyir ki, unutduğumuz mayak əslində dəniz sakinləri üçün çox vacibdir. Bəs görəsən Azərbaycanda mayakların vəziyyəti necədir?

İlk oncə xatırladaq ki, Azərbaycanda 9 mayak var. Bu mayakların hamısı qədim tikililər üzərində quraşdırılıb. Möhkəmliyinə və dayanıqlığına görə əvəzedilməzdir.

Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, əslində düşünüldüyü kimi mayaklar sıradan çıxmayıb. Onun sözlərinə görə, 9 mayakın hamısı işlək vəziyyətdədir.

“Gəmilərdə hər zaman mayaklara ehtiyac var. Mayakların işıqlarına xarakterik olaraq gəmiçilər öz yerlərini müxtəlif üsullarla tapırlar. Bəzən təbii hadisələrdə, tufan, qasırğa və s. fövqəladə hallarda naviqasiya sistemləri işləməyə bilər. Bu zaman dənizdə səmti mayak işığı ilə seçmək olur”, -deyə Şahin Məmmədov bildirib.

Şahin Məmmədov əlavə edib ki, mayaklar həm də arxitektura qurğusudur. Bundan əlavə mayaklar çox qədimi, tarixi tikililərin üzərində qurulub.

“Mayakların tikilisi müxtəlif formalı qurğuları əks etdirir. Məsələn Lənkəran mayakı çox qədimdır. Keçmişdə buradakı bina həbsxana olub. Kür mayakı var. Bura ferma formasında tikilib”, - deyə Şahin Məmmədov vurğulayıb.

Qeyd edək ki, xarici dövlətlərin təcrübəsinə baxsaq görərik ki. mayakların yerləşdiyi tikililərdən restoran, muzey və s. kimi istifadə edilir. Şahin Məmmədov da istisna etmir ki, gələcəkdə bizim mayaklardan da bu tipli xidmətlər üçün hazırlana bilər.

“Xarici dövlətlərdə bu formalı tikililəri tarixi abidə kimi qoruyurlar. Belə tikililəri bərpa edirlər. İndiyə qədər biz öz imkanlarımız sayəsində mayakları dağılmağa qoymamışıq. Hazırda bizdə mayaklar əhalinin girişi üçün məhduddur. Çünki bunun üçün şərait yoxdur”.

Şahin Məmmədov deyir ki, hazırda mayakların bərpa olunması üçün plan var. Komandanın sözlərinə görə, bu il ərzində bu istiqamətində işlərə başlanılacaq.

“Xaricdə heç bir mayak dağıdılmır. Tarixi abidə kimi qorunur. Muzey kimi, restoran kimi istifadə olunur. Hətta bəzi yerlərdə gəlinlə bəy həmin mayaka gəlib, orada fotosessiya da etdirir. Bizdə də, həmin tikililərdən muzey kimi istifadə etmək planlaşdırılır”, - deyə Şahin Məmmədov əlavə edib.

Hərbi Dəniz Qüvvələrinin Mayak bölməsinin rəisi Fuad Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda mayak xidmətində 40-a yaxın insan çalışır.

“Bu iş ağır olsa da, burada çalışanlar artıq buna öyrəşiblər. Onlar öz işlərini çox sevir”, - deyə Fuad Hüseynov vurğulayıb.

Mayakların hazırkı vəziyyətini öyrənmək üçün bir neçə mayaka baş çəkdik. İlk öncə 1860-cı ildə tikilən Abşeron mayakına üz tutduq. Bizi qapıda mayakın rəisi Saşa Xrınov qarşıladı. 44 ildir bu mayaka nəzarət edən Saşa Xrınov bildirdi ki, hazırda mayak işləsə də, burada vəziyyət yaxşı deyil.

Mayakın içərisinə girən zaman, həqiqətən də buranın təmirsiz olduğunu gördük. Mayaka 27 mərtəbədən ibarət dairəvi pilləkanlar vasitəsilə qalxdıq.

Abşeron mayakından sonra üz tutduq Şüvəlan mayakına. 1907-ci ildə Qız Qalasındakı mayakın ləğv olunmasından sonra tikilən bu mayak da təmirsiz idi. Mayakın rəisi İlham Səfəron ANS PRESS-ə bildirdi ki, bina 1897-ci ildə tikilib.

Daha sonra yollandıq Amburan mayakına. 1880-cı ildə tikilən mayakın rəisi Məmməd Dadaşov ANS PRESS-ə açıqlamasında burada nəsilliklə yaşadıqlarını bildirdi. Onu sözlərinə görə, əvvəlcə burada onun babası və atası işləyib. Sonra da anası nəzarət edib. Artıq bir neçə ildir ki, özü rəhbərlik edir.

Söhbət zamanı məlum oldu ki, bu mayak da bir neçə dəfə yüngülcə təmir olunub. Təmir işləri də mayak işçilərinin hesabına həyata keçirilib. Lakin buranın əsaslı təmirə ehtiyacı var.

“Mayakın dəmirləri cürüyüb. Uçma təhlükəsiz var”, - deyə Məmməd Dadaşov bildirib.

Qeyd edək ki, Azərbaycandakı digər mayakaların da təmirə ehtiyacı var. Svinoy mayakın tikintisinə 1887-ci ildə başlanılıb. Qüllə quraşdırılması üçün adanın cənub hissəsində dəniz səviyyəsindən 184,5 metrə hündürlükdə olan təpənin üstündədir. Mayakın tikintisi 1890-cı ildə başa çatıb. Gecə mayakın alt parıldayan işığı 22 mil uzaqlıqdan görünür.

Lənkəran mayakının tikilməsinə isə 1858-ci ildə qərar verilib. Lakin mayakın tikintisinə 1868-ci ildə başlamaq mümkün olub. 1869-cu il avqustun 9-da mayak işə başlayıb.

Nargin mayakının layihəsi 1883-cü ilin martın 26-da təsdiqlənib. Mayakı tikən zaman yerli matriallardan ancaq daşdan istifadə olunub. Qalanları isə Bakıya başqa yerlərdən gətirilib. Dioptik şiqoptik cihazının Paris şəhərində “Sotter-lemonie” fiormasından alınıb. 1883-cü ildə martın 27-də mayakda işlər başlanıb. Mayak 1884-cü ilin dekabrın 1-dən fəaliyyətdədir.

Kür mayakı 1918-ci ildə tikilib. Bu 9 mert hündürlükdə bəzəkli dəmir qüllənin zirvəsində 6-c dərəcəli dioptik işıq optik aparat quraşdırılıb.
Astara mayakı Lənklərandan 9 mil cənuba Astara çayının sağ sahilində Azərbaycan-İran sərhədi keçən hissəsində yerləşir. 1900-cü ildə Astara reydini və ora girişi göstərmək üçün işıqlanan stvor nişanlar tikilib. Hər iki nişanlar 2,5 mil məsafədə daimi qırmızı işıq ilə işıqlanırdı. Stvor nişanları şərq-qərb istiqamətində yerləşir.

Cilov mayakının binası isə XVII əsrin tikintisidir. Bu tikintiyə 1881-ci ildə mayaq qoyulub.









































DOSTLARINLA PAYLAŞ:

oyunlar