UNESCO baş direktorunun müavini İçərişəhərdə olub
08 Aprel 2011 Cümə 12:22
UNESCO-nun baş direktorunun strateji planlaşdırma üzrə müavini Hans D’Orvilin İçərişəhər ərazisində gəzintisi keçirilib.
Bakı-APA. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gəlmiş UNESCO-nun baş direktorunun strateji planlaşdırma üzrə müavini Hans D’Orvilin İçərişəhər ərazisində gəzintisi keçirilib. Bu barədə APA-ya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Məlumata görə, qoruq ərazisində keçirilən gəzinti zamanı qonağa UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş İçərişəhər, burada aparılan son abadlaşdırma və bərpa işləri barədə informasiya verilib. Gəzinti Bakı şəhərinin simvolu və çoxəsrlik tarixə malik Qız Qalası abidəsi ilə başlanıb və Sıratağlı dini-memarlıq kompleksinin ekspozisiyası ilə tanışlıqla davam edib.
Qonaq 2000-ci ildən UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil olmuş orta əsr memarlığının şah əsərlərindən biri olan Şirvan hakimlərinin iqamətgahı “Sirvanşahlar Sarayı Kompleksi”ndə olub. Eyni zamanda qonağa digər dünya əhəmiyyətli abidə Məhəmməd məscidi və burada aparılmış muzey konservasiya işləri barədə məlumat verilib.
Sonda D’Orvil yeni bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olub. Hans D’Orvil İçərişəhərdə görülmüş bərpa və konservasiya işlərini yüksək qiymətləndirib.
DOSTLARINLA PAYLAŞ: