Ümumdünya Diabet Günü ilə bağlı tədbir keçirilib
13 Noyabr 2009 Cümə 13:35
14 Noyabr - Ümumdünya Diabet Günü ilə bağlı Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən cəmiyyətin sədri Möminət Ömərova bildirib ki, dünyada ildən-ilə diabetə olan münasibət müsbət istiqamətdə dəyişir. Onun fikrincə, BMT-nin diabetlə bağlı 2006-cı ildə qəbul etdiyi qətnamə xüsusi əhəmiyyət daşıyır: “Bu gün dünyada diabet artıq epidemiya kimi qəbul olunur. Baxmayaraq ki, bu, qeyri-yoluxucu xəstəlikdir. Amma təhlil edəndə yoluxucu xəstəliklərlə müqayisədə ölüm təhlükəsinə görə diabet daha yüksəkdir”. M. Ömərovanın sözlərinə görə, onu rəhbərlik etdiyi cəmiyyət Azərbaycanda diabet xəstələrinə qayğı göstərilməsi, bu xəstəliyin qarşısının alınması üçün mümkün olan addımları atır: “Hazırda dünyada 250 milyondan çox insan şəkərli diabet xəstəsidir. Azərbaycanda da bu xəstəlik geniş yayılıb. Hazırda respublikada 108 mindən çox şəkərli diabet xəstəsi var. Onlardan 22 min nəfəri birinci tip, qalanı isə ikinci tip şəkərli diabetdir”. M. Ömərova bildirib ki, son illər bu xəstəliyin aradan qaldırılması üçün dövlət səviyyəsində tədbirlər görülür, dövlət büdcəsində bununla bağlı maliyyə nəzərdə tutulur ki, bu da müsbət haldır.

Cəmiyyətin sədr müavini Akif Muxtarov isə qurumun həyata keçirdiyi layihələr barədə danışıb. O, həmçinin, cəmiyyətin beynəlxalq əlaqələri, diabetlə bağlı keçirilən beynəlxalq konfranslarda iştirakı, tərəfdaşları ilə bağlı tədbir iştirakçılarına məlumat verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar