Ümid Partiyası aksiya keçirəcək
21 Aprel 2010 Çərşənbə 12:40
Ümid Partiyasının keçirəcəyi ilk aksiyanın mayın 1-də keçirilməsi nəzərdə tutulub.
Bu gün “Ümid” Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan ANS PRESS-ə verilən məlumata görə, iclasın gündəliyinə iki əsas məsələnin müzakirəsi daxil edilib: “Ümid” Partiyasının parlament seçkisində iştirak edəcək namizədlərinin təsdiqi və kütləvi aksiyalara münasibət.

Qeyd edək ki, Rəyasət Heyətinin ötən iclasında 2010-cu ilin parlament seçkisində iştirak edəcək 30 nəfərin namizədliyi təsdiq edilmişdi. Bu toplantıda da növbəti 32 nəfərin namizədliyi təsdiq edilərək ümumi siyahı 62-yə çatdırılıb. Digər namizəd iddiaçılarının məsələsinə Rəyasət Heyəti növbəti toplantısında baxılacaq.

Gündəlikdə duran ikinci məsələ kütləvi aksiyalara münasibət və mitinq komitəsinin yaradılması olub. Əvvəlcə, digər müxalifət partiyalarının mitinq və ya piket keçirmək qərarlarına qeyri-hüquqi yanaşılması, icazə verilməməsi və aksiyaların polis zorakılığı ilə dağıdılması pislənilib. Rəyasət Heyəti bu kimi halların Azərbaycan Konstitusiyasına, “Sərbəst toplaşmaq haqqında” və “Siyasi partiyalar haqında” qanunlara zidd olduğunu bəyan edib.

Daha sonra iclasda “Ümid” Partiyasının “Seçki öncəsi mühitin demokratikləşdirilməsi və Seçki Məcəlləsinin dəyişdirilməsi” tələbi ilə kütləvi aksiyasının keçirilməsi qərarı qəbul olunub və aksiyanın yeri və zamanı müəyyənləşdirilib, mitinq komitəsi yaradılıb. Bakı şəhər İcra Hakimiyyətinə 1 may şənbə günü saat 15:00-da Nərimanov kinoteatrının qarşısında, keçmiş Qələbə kinoteatrının qarşısında və s. yerlərdən birində mitinq keçirilməsi ilə bağlı müraciət qəbul olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar