Ucar-Zərdab magistral yolunun bərbad vəziyyətə düşüb
11 İyul 2012 Çərşənbə 15:15
Ucar-Zərdab əsas magistral yolunun bərbad vəziyyətdə olması sürücülərin və sərnişinlərin narazılığına səbəb olub.
APA-nın yerli bürosunun məlumatına görə, sürücülər yolun asfalt örtüyünün tamamilə dağıldığını və böyük çuxurların əmələ gəlməsi səbəbindən əvvəllər nəqliyyatla 10-15 dəqiqəyə getdikləri yolu indi 1 saata da gedə bilmədiklərini deyirlər.
Son aylara kimi Ucar-Zərdab yolunun dağılmış hissələrinə yol idarəsi tərəfindən mütəmadi olaraq asfalt örtüyü döşənirdisə, son günlər artıq bu işlər tamamilə dayandırılıb. Aran bölgəsinə yağan güclü leysan yağışlarından sonra adı çəkilən yollarda vəziyyət daha da gərginləşib. Əvvəllər əsasən minik maşınlarının hərəkətində problemlər yaransa da, leysan yağışlarından sonra yük maşınlarının da hərəkətində ciddi problemlər yaranıb. Belə ki, son iki gündə bir neçə yük maşını Ucar-Zərdab əsas magistral yolunda iri çuxurlara düşərək hərəkətsiz qalıb. Sürücülər və yerli sakinlərin fikrincə, qış aylarına kimi yollarda əsaslı təmir işləri aparılmasa, nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz olacaq.
Ucar rayon 31 saylı Yol İstismar İdarəsinin rəisi Füzuli Hacıyevin sözlərinə görə, 1980-ci illərdə istifadəyə verilmiş 32 kilometrlik Ucar-Zərdab yolu 8 tonluq yükə (hər bir oxa düşən yük) hesablanıb: “Bu il mayın 26-na kimi adı çəkilən yol normal vəziyyətdə olub, sürücülər və sərnişinlər tərəfindən heç bir narazılıq olmayıb. Həmin tarixdən sonra yol “Azərsu”ya məxsus həddən artıq yüklənmiş “KamAZ” markalı maşınlara yol tab gətirməyərək tamamilə dağılıb. Artıq bir neçə vaxtdır ki, yollara asfalt döşəməyin heç bir əhəmiyyəti olmadığından işlər dayandırılıb, həmin əraziyə ancaq çınqıl verilərək qrederlərlə yayılır. Yolun yenidən tikintisi üçün hələlik heç bir vəsait ayrılmayıb”.
DOSTLARINLA PAYLAŞ: