Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib
15 Aprel 2011 Cümə 16:55
Ankarada Türkiyə Ticarət Palataları və Birjalar Birliyi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq protokolu imzalanıb
Bu gün Ankara şəhərinin “Swissotel” mehmanxanasında Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, forumda Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyənin xarici ticarət naziri Zəfər Çağlayan, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, çoxlu sayda Türkiyədən və Azərbaycandan olan iş adamları iştirak edib.
Forumda çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Ş. Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə ilə əlaqələrə verdiyi əhəmiyyətdən, iki ölkə arasındakı yaxınlıqdan, Azərbaycanda gedən sürətli iqtisadi inkişaf tempindən, ölkəmizin Ermənistanın təcavüzünə məruz qalmasına baxmayaraq regional, eləcə də beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətdən və bu kimi biznes forumların təşkilinin ikitərəfli əlaqələrin inkişafına müsbət təsirindən danışıb.
Ayrıca Ş. Mustafayev ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir” sözlərinin Azərbaycan və Türkiyə əlaqələrini çox dəqiq xarakterizə etdiyi fikrini dilə gətirib.
Türkiyənin xarici ticarət naziri Z. Çağlayan öz çıxışında Ş. Mustafayevin sözlərini dəstəkləyib, ikitərəfli əlaqələrin bir örnək olduğundan, iki ölkə xalqlarının bənzər deyil eyni olduğundan, iki ölkə arasında ticarət dövriyyəsinin daha da yüksək səviyyəyə çıxarılmasının əhəmiyyətindən və bunun üçün yüksək əzmlə çalışmalara başlamağın zəruriliyindən bəhs edib.
Tədbir zamanı Türkiyənin Ticarət Palataları və Birjalar Birliyi (TOBB) ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq protokolu imzalanıb. Daha sonra Türkiyə və Azərbaycandan olan iş adamları arasında ikitərəfli əməkdaşlıq müzakirələri başlayıb.
Tədbirin sonunda Ş. Mustafayev Ankarada təhsil alan bir qrup tələbə ilə də görüşüb, onlara hər sahədə güclənən dövlətimiz barədə məlumat verib. Tələbələr, dövlətimizin onlara göstərdiyi yüksək qayğıya görə dövlət rəsmisinə öz dərin minnətdarlıqlarını bildirib və ictimai həyatın bütün sahələrində Azərbaycan dövlətinə layiqli şəkildə xidmət etmək üçün təhsillərini ən yaxşı şəkildə davam etdirməyə çalışdıqlarını dilə gətirib.
DOSTLARINLA PAYLAŞ: