Tovuz rayonunda silah-sursat aşkarlanıb. Rayon polis şöbəsinə daxil olan naməlum zəng əsasında Tovuz çayın kənarından xeyli sayda silah-sursat tapılıb. Bu barədə məlumatı "ganca.az"a Tovuz rayon Polis şöbəsinin istintaq bölməsinin rəisi Oruc Əmiraslanov verib. Onun sözlərinə görə, iyunun 5-də polis şöbəsinə naməlum zəng edilərək rayonun Qazaxlı kəndinin ərazisindən keçən Tovuz çayın sahilində silah olduğunu bildirilib.
Dərhal hadisə yerinə yollanan polis əməkdaşları çayın sahilində yerləşən söyüd ağacının altında selofan torbada 1 ədəd ov tüfəngi, 1 ədəd «AKM» tipli avtomat, 1 ədəd qələm-tapança, 1 ədəd tapança, 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 639 ədəd müxtəlif çaplı güllə, 1 ədəd «Karabin» tüfəngi, 50 ədəd qumbara və 5 ədəd güllə darağı tapılaraq müsadirə edilib.
Oruc Əmiraslanov silah-sursatların buraya kim tərəfindən atılması, eləcə də əvvəllər bu silahlarla hər hansı bir cinayət əməli törədib-törədilməməsi istiqamətində araşdırmaların aparıldığını bildirib.
ANSPRESS