«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi bələdiyyə torpağının satılması ilə bağlı keçirilən hərracların monitorinqinə başlayıb. Təşkilatın eksperti Samir Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, monitorinq üçün ilkin olaraq iki rayon- Salyan və Bərdə rayonları seçilib.
Avqustun 14-də Salyan rayonunda hərrac, Bərdədə isə müsabiqə keçirilməsi nəzərdə tutulduğunu deyən S.Əliyevin sözlərinə görə, artıq rayonlarda əhalinin məlumatlılıq səviyyəsi, hərracın keçirilməsi barədə elanı necə əldə etmələri və sair məsələlərə dair sorğu və müsahibələr keçirilir, əhalinin məlumatlılıq səviyyəsi öyrənilir. Hərracda iştirak edən nümayəndələrlə də görüşlərin keçirilməsi nəzərdə tutulub.
İctimai birliyin əməkdaşları hər iki rayonda keçirilən torpaq hərracı və müsabiqəsində də müşahidə aparacaqlar. Əldə olunan məlumatlar əsasında hesabat hazırlanacaq. Hesabatın və ekspertlər tərəfindən hazırlanacaq tövsiyyələrin hökumətə, eyni zamanda Torpaq Komitəsinə təqdim olunması nəzərdə tutulub.
Qeyd edək ki, avqustun 14-də Bərdədə Yeni Daşkənd bələdiyyəsinə məxsus 0,08 hektar topaq sahəsi müsabiqəyə, Salyanda isə Aşağı Noxudlu bələdiyyəsinə məxsus 0,026 ha torpaq hərraca çıxarılacaq.
Röya Rəfiyeva /ANS PRESS/