Tikinti materialları ucuzlaşır
22 Yanvar 2010 Cümə 11:15
Tikinti materialları ucuzlaşır. Ötən ay inşaat mallarına tələb də azalıb.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tikinti materialları bazarında apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb. İctimai qurumun apardığı araşdırmalara görə, ötən ilin dekabr ayında tikinti mallarının satışında azalma müşahidə olunub.

Birliyin məlumatına görə, dekabr ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 89 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə Azərbaycanda istehsal olunan malların ümimi istehsalda həcmi 53,9 faiz təşkil edib. Beləliklə, ümumilikdə dekabr ayında araşdırmaya məruz qalan 89 adda məhsuldan 25-i üzrə qiymət azalması, 2-si üzrə qiymət artımı, 62-si üzrə isə stabillik müşahidə edilib.

Qiyməti azalan məhsullar ümumi təklif portfelində əsas çəkiyə sahib olan məhsullar olduğundan, bazardakı orta qiymətlərdə də azalma qeydə alınıb. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə azalma noyabr ayı ilə müqayisədə 1.9 faiz təşkil edib.

Belə ki, dekabrda yalnız plastik boru 1.1 faiz bahalaşıb. Qum, çınqıl, taxta, armatur, boru, dəmir təbəqə, dam örtüyü, şüşə ucuzlaşıb. Digər tikinti materiallarının qiyməti stabil qalıb.

Aparılan araşdırmalar göstərir ki, dekabrda qiymət ucuzlaşmasına uyğun olaraq tələbdə də azalma müşahidə olunub. Aylıq nəticə isə belədir ki, ay ərzində tikinti materiallarının orta qiyməti 1.9 faiz azalıb. Ümumilikdə isə tikinti materiallarının qiymətində ilin əvvəli ilə müqayisədə 21.1 faiz artım qeydə alınıb.

Qeyd edək ki, qiymət indeksi isə ötən aya nisbətən 2.5 bənd azalaraq 126.5 səviyyəsində qərarlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar