Tiflisdə Heydər Əliyevin doğum günü münasibəti ilə tədbir keçirilib
11 May 2011 Çərşənbə 06:54
Tiflisdə Heydər Əliyevin doğum günü münasibəti ilə tədbir keçirilib
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdəki “Varlıq” Mədəniyyət Mərkəzində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Heydər Əliyevin 88 illik doğum günü münasibəti ilə tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə “Varlıq” Mədəniyyət Mərkəzinin rəhbəri, şair Rafiq Hümmət çıxış edərək Heydər Əliyevin doğum gününü Gürcüstan paytaxtı Tiflisdə və Gürcüstanın başqa şəhərlərində geniş şəkildə qeyd etdiyini bildirib. Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə çıxışında Heydər Əliyevin fenomen bir şəxs olduğunu, onun keçdiyi tarixi yolun nəsillərə nümunə olduğunu və hər bir azərbaycanlı gənc bu dahi şəxsiyyətlə fəxr duyduğunu bildirib. “Heydər Əliyev bölgədə siyasi-iqtisadi təhlükəsizliyi təmin edib. Heydər Əliyevin hakimiyyəti dövründə əsasını qoyduğu siyasət bu gün də həyata keçirilir. Gürcüstanda həyata keçirilən iqtisadi layihələr burada yaşayan soydaşlarımızın sosial həyat tərzinin yaxşılaşmasına, bu ölkədə fəaliyyət göstərən Azərbaycanlı iş adamlarının yaratdıqları şirkətlərin vasitəsi ilə neçə-neçə iş yerlərinin açılmasına yönəldilib.”
Şövqi Mehdizadə tədbirdə “Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” kitabı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Elbrus Orucov, Aşıq Aslan Kosalı, şairlərdən Xudaverdi Qasımlı, Zahid Ələmpaşalı, professor Mahmud Kamal oğlu, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Arif Əliyev, Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının prezidenti Sevil Yusifova və başqaları çıxış ediblər.
DOSTLARINLA PAYLAŞ: