Tiflisdə “Azad ictimai institutlar” mövzusunda tədbir keçirilib
12 Avqust 2011 Cümə 10:54
Tiflisdə “Azad ictimai institutlar” mövzusunda tədbir keçirilib


Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə “Redisson” mehmanxanasında “Azad ictimai institutlar” mövzusunda dəyirmi masa keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanda fəaliyyət göstərən QHT nümayəndələri, iqtisadçılar, media nümayəndələri iştirak ediblər. Dəyirmi masada Sinqapur, Cənubi Koreya, İrlandiya, Slovakiya, Çin və digər dövlətlərin timsalında iqtisadi azadlığın vacibliyi, xüsusi mülkiyyətə toxunulmazlıq və qanunun idarə edilməsi, demokratik idarəetmədə iqtisadi analizlər barədə müzakirələr aparılıb. “Dünyada iqtisadi azadlıq” indeks araşdırma nəşrinin müəlliflərindən biri, Florida Universitetinin professoru Ceyms Qvorti və həmin universitetin doktoru Rendal Xolkomb çıxışlarında digər ölkələr kimi, Gürcüstanda da iqtisadi irəliləyişin olduğunu və hal-hazırda bu sahədə situasiyanın necə olduğu barədə araşdırma aparacaqlarını bildiriblər.
“Gürcüstan-Yeni İqtisadi Məktəb” təşkilatının prezidenti Paata Şeşelidze Gürcüstanın iqtisadi azadlığa görə dünyada 23-cü yeri tutduğunu bildirib: “Biz Gürcüstanda real iqtisadi həyatı öyrənmək istəyirik. Bu araşdırmaları sonradan Gürcüstanın iqtisadi inkişafına yönəltmək niyyətindəyik. Ona görə doktor Ceyms Qvortinin və doktor Renald Xolkombun təcrübələrindən və məsləhətlərindən istifadə etməyə çalışırıq. Bu məqsədlə bu alimləri buraya dəvət etmişik. Onların iqtisadi araşdırmalarında gəldiyi nəticələr bizim üçün vacibdir. Belə tədbirlərimiz çox olacaq. Biz Azərbaycan və Ermənistanda fəaliyyət göstərən QHT-lərlə də yaxından əməkdaşlıq edirik. Biz tədbirə Azərbaycandan da nümayəndələr dəvət etmişdik. Təəssüf ki, bizimlə əməkdaşlıq edən Azərbaycan təşkilatları bu tədbirə qatıla bilmədilər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar