Bu gün əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir məscid kompleksi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə burada aparılan əsaslı yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat verib. Bildirildi ki, kompleksdə ən yüksək səviyyədə yenidənqurma, tikinti və tərtibat işləri aparılıb.
Dövlətimizin başçısı kompleksə daxil olan Təzəpir məscidinə, mərasim zalına, Bakı İslam Universitetinin tədris korpusuna, kitabxanaya, Qafqaz Müsəlmaları İdarəsinin inzibati binasına baxıb.
Prezident İlham Əliyev kompleksin iclas zalında yerli və xarici qonaqlar qarşısında çıxış edib.
Mərasimdə, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu Aleksandr Ata, Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Vatikanın Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti, Şimali Qafqaz Müsəlmanaları Şurasının sədri İsmayıl Berdiyev çıxış ediblər.
Mərasimdən yadigar olaraq xatirə şəkli çəkdirilib. /ANS PRESS/