Tərtərə Mərakeş çəyirtkələri daraşıb
04 İyun 2010 Cümə 14:45
Rayonun Bitki Mühafizə Mərkəzinin direktoru həyəcan təbili çalır.
Tərtərin cəbhə xəttində yerləşən ərazilərinə kütləvi şəkildə Mərakeş çəyirtkələri daraşıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, əsasən işğal altındakı ərazilərdən rayon ərazisinə keçən ziyanvericilər son 2 həftədə yayılmağa başlayıb. Tərtər rayon Bitki Mühafizə Mərkəzinin direktoru Litvin Məhərrəmovun sözlərinə görə, hazırda ziyanvericilər əsasən Qızıloba kəndi ərazisində müşahidə olunur.

O bildirib ki, keçən il həmin ərazilərdə mübarizə aparılmadığı üçün həmin əraziyə çəyirtkələr yumurta qoyub və bu il də çıxıblar: “Bu il də mart-may ayları yağmurlu keçdiyi üçün yaxşı qida tapıblar. Bunlar hələ biz tərəfə keçməyə gecikiblər. Əgər quraqlıq olsaydı, keçən aydan keçməliydilər. Hələlik kəndlərimizə uzaq olduğu üçün əkinlərimizə ziyan vura bilməyiblər. Bunu hələ müşahidə etməmişik”.

Mütəxəssis deyir ki, bu çəyirtkələr hələ 2 yaşdadır, tək-tükləri 3 yaşdadır: “Bunlar axırıncı yaşda uçmağa başlayacaqlar. Uçub hətta kəndin ərazisinə də girirlər. Bunlar sıra ilə günün birinci yarısında təmas xəttindən minalanmış sahədən keçirlər, günün ikinci yarısında isə hardan gəliblər o istiqamətə qayıdırlar. Çünki burada dərmanlama aparılır. Bir də gün hansı tərəfə düşürsə, o istiqamətdə hərəkət edirlər”.

Əsasən yaşıl kütlə ilə qidalanan çəyirtkələr hazırda otlaq sahələrindəki otları tamamilə yeyiblər və onların əkin sahələrinə çatmasına bir neçə yüz metr qalıb. Çəyirtkələr əsasən 2- 4 yaşlarında yaşıl kütlə ilə qidalanırlar. Ziyanvericilər gün ərzində bol qida olduğu təqdirdə ortalama 20 metr irəliləyir və keçdikləri ərazilərdə yalnız quru torpaq qalır.

L. Məhərrəmov deyir ki, əgər bunun qarşısı alına bilməsə, taxıl yonca sahələrinə keçərlərsə, onlara ziyan verə bilər: “Çəyirtkələr uçan vaxtı taxıl sahələrinə girirlər. Sünbülləri qırırlar. Bu da biçinə mənfi təsir göstərir”.

Son 1 həftədə rayonda ziyanvericilərlə mübarizəyə başlanıb. Mübarizə işlərinə cəlb olunan 3 texnika vasitəsilə otlaqlar və əkin sahələrinin ətrafı dərmanlanır.Tərtər rayon Bitki Mühafizə Mərkəzinin rəisi deyir ki, mart ayından indiyə qədər 8000 ha ərazidə müşahidə aparılıb , 1200 ha-da çəyitrkə müşahidə olunub. Bunun 650 ha sahəsində isə mübarizə aparılıb.

L. Məhərrəmov onu da bildirdi ki, ziyanvericilərin Azərbaycanın nəzarətində olan sahələrə keçməsinin əsas səbəblərindən biri də işğal altındakı ərazilərdə kütləvi surətdə narkotik bitkilərin əkilməsidir: “Düşmən tərəfdə heç bir əkin aparılmır. Orada narkotik birkilər əkilir. Nəinki çəyirtkələr, narkotik bitkilər əkilən sahələrdə sürünənlər, ilanlar və digər heyvanlar da onun iyinə orada qalmırlar”.

Bitki Mühafizə Mərkəzinin direktorunun sözlərinə görə, ziyanvericilərin kökünün kəsilməsi üçün onların yumurta qoyduğu ərazilərdə sentyabr, oktyabr aylarında şumlama işləri aparılmalıdır. Çəyirtkələr isə işğal altındakı ərazilərdə yumurta qoyduğundan bu ziyanvericilərdən xilas olmağın yeganə yolu da torpaqlarımızın işğaldan azad edilməsidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar