Tərtərin dağətəyi ərazilərinə yağan güclü leysan nəticəsində rayonun Dəmirçilər kəndini sel basıb. Yerli sakinlərin ANS-ə bildirdiklərinə görə, gecə saat 11 radələrində qəflətən kəndə daxil olan sel suları evləri, zirzəmiləri və əkin sahələrini basıb.
“Sel nəticəsində hardasa bir metrdən yuxarı tövləm uçdu, mal-qaram isə altında qaldı, evimiz də su içindədir”, - deyə kənd sakini Mehman Məhərov bildirib.
Ümumilikdə dəmirçilər kəndindəki 50-dək evə və həyətyanı sahəyə su dolub. Bir evin divarı uçub, sahələrin əksəriyyətini isə lil qatı basıb.
“150 hektar sahəni sel basması nəticəsində ərazidə 15-20 sm lil əmələ gəlib. Burdan artıq illərlə məhsul götürmək mümkün olmayacaq”,- deyə kənd sakini Kərəm Əliyev qeyd edib.
Sakinlərin sözlərinə görə, güclü yağışla bərabər sel sularının evlərə və həyətlərə dolmasının digər səbəbi də var: kəndin kənarındakı su ötürücü arxlar təmizlənməmiş qalıb. Arxların təmizlənməsinə 10 gün əvvəl başlansa da, iş tam başa çatdırılmayıb.
Qeyd edək ki, son 10 gündə Dəmirçilər kəndi 2 dəfə sel axınına məruz qalıb. Tərtər Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, iyun ayının 28-də baş verən təbii fəlakət nəticəsində kənddə 96 evə ziyan dəyib. Arxların təmizlənməməsinə gəlincə isə komissiyadan bildirilib ki, 10 gün ərzində 2500 metr sahə lildən təmizlənib, qalan min metrin təmizlənməsi isə davam etdirilir. /ANS TV/