Təmas xəttində fərqli Novruz şənliyi
23 Mart 2011 Çərşənbə 13:23
Qazaxın Cəfərli kəndinin sakinləri bayramı yüksək səviyyədə qeyd edib
Ölkə ərazisində Novruz şənlikləri davam edir. Erməni qoşunlarının iki addımlığında yerləşən Qazaxın Cəfərli kəndinin sakinləri də heç nəyə baxmadan sevimli bayramı qeyd etməyə imkan tapıblar. Özü də yüksək səviyyədə.
Ermənistanın Azərbaycana təcavüzünün başlandığı illərdən bu günə qədər elə bir gün olmur ki, Müdafiə Nazirliyinin atəşkəslə bağlı bülltenlərində Qazaxın adı çəkilməsin. Qazaxın Cəfərli, Bala Cəfərli, Quşcuayrım, Məzəm və başqa kəndlərinin Ermənistanın silahlı qüvvələri tərəfindən atəşə tutulması xəbərini az qala hər gün eşidirik.
Bu gün sizə Cəfərli haqda danışacağıq. 1200 nəfər cəfərlinin yurd saldığı bu kənd səfalı bir yüksəklikdə yerləşir. Xalqımızın qədim və sevimli bayram günlərində biz də yolumuzu bu kənddən saldıq. İlk növbədə onu qeydə edək ki, burada Novruz tam fərqli keçir: kənd cavanlarının Novruza uyğun bəzədilmiş atlarla ötüşməsi, daha sonra qara zurnanın sədaları altında atların cəngisi.
Hava qaralmağa doğru gedəndə isə hər bir evin qarşısında bayram tonqalı yanır və musiqi qrupu bütün küçələri bir-bir gəzərək sakinləri rəqsə dəvət edir. Musiqiçilər, həmçinin hər bir evin qarşısında açılmış süfrədən bayram payı götürərək rəqs edə-edə növbəti küçəyə keçirlər. İnsanların tonqal üzərindən atlaması, papaq atması, boyanmış yumurtanın döyüşdürülməsi və keçəl ilə kosanın deyişmələri rəng qatması bayramı daha da gözəl edir. Bu minvalla kənd sakinlərinin düzənlədiyi bayram mərasimi gecə saat 1- 2 radələrinədək davam edir.
DOSTLARINLA PAYLAŞ: