Televiziyalarda xəbərlər surdotərcümə ilə veriləcək
28 İyul 2012 Şənbə 22:47
Surdotərcüməçiləri hazırlamaq üçün azı 6 ay vaxt lazımdır.
Bundan sonra danışma və eşitmə qüsuru olanlar da günün xəbərləri ilə tanış ola biləcək. Sovet dövründə xəbər proqramları zamanı ekranın küncündə görməyə alışdığımız tərcüməçilər yenidən efirə qayıdır.

Yaxın zamanlarda Azərbaycan telekanallarında xəbər proqramları efirə surdotərcümələrlə çıxacaq. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Şura sədrinin sözlərinə görə, artıq İctimai Televiziyanin rəhbərliyi ilə danışıqlar aparılıb və gündə ən azı bir dəfə - axşam xəbərlərinin surdotərcümə ilə verilməsi haqda razılığa gəlinib. Dövlət kanallarından fərqli olaraq, özəl kanallara bu şərtə əməl etmək yalnız tövsiyə olunacaq.

Ekspert Nizami Xalıqov bu yolla rəsmi qeydiyyatda olan 8 mindən çox eşitmə qüsurlu insanın xəbər ehtiyacının təmin olunacağına böyük töhvə verəcəyinə əmindir. “Sovet dövrü dağılandan eşitmə qüsurlu insanlar məlumat blokadasına düşmüşdülər”.

Bu layihəni həyata keçirmək üçün Jestika Mərkəzinin yaradılması və bu dilin rəsmi status almasının böyük əhəmiyyət kəsb etdiyini deyən ekspert sürdotərcüməçilərin hazırlanması üçün uzun vaxt tələb olunduğunu deyir: “Mətbuatda bəzi sözlər var ki, onlar jestlərdə yoxdur. Ona görə də onları öyrətmək üçün düzgün surdotərcüməni hazırlamaq lazımdır ki, o lallara informasiyanı düzgün çatdırsın. Baxmayaraq ki, o söz jestikada yoxdur. Artıq onu hazırlamaq üçün də ən azı bizə 6 və ya 1 il vaxt lazımdır”.

Qeyd edək ki, qonşu ölkələrdən Rusiya, Gürcüstan və Türkiyənin bəzi kanallarında surdotərcüməçilər fəaliyyət göstərir. Avropa kanallarında isə bu təcrübədən daha çox istifadə olunur. Ölkəmizdə isə Azərbaycan Dövlət Televiziyasında 90-ci illərin əvvələrinə qədər xəbərlərdə surdotərçüməçi işləyirdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar