Təhsil Nazirliyində orta məktəbdəki qətl ilə bağlı açıqlama
17 Oktyabr 2013 Cümə Axşamı 17:39
Artıq təhsil naziri Mikayıl Cabbarov baş verən hadisə ilə əlaqədar məlumatlandırılıb.
Bu gün saat 15:10 radələrində Bakının Nizami rayonu ərazisində orta məktəbin həyətində baş verən qətl ilə bağlı Təhsil Nazirliyi araşdırmaya başlayıb. Nazirliyin mətbuat katibi Cəsarət Valehovun ANS PRESS-ə verdiyi məlumata görə, 10 saylı orta məktəbin həyətində qətlə yetirilən 1990-cı il təvəllüdlü Famil Gülüşov 14 saylı Peşə Litseyinin tələbəsi olub. Onun hansısa məsələ ilə bağlı məktəbin həyətində bir neçə nəfərlə mübahisə etdiyi bildirilir.

“Hadisə şahidləri deyib ki, Famil Gülüşov bir neçə adamla mübahisə edib. Onun üstünə bir neçə adam gedib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Artıq təhsil naziri Mikayıl Cabbarov baş verən hadisə ilə əlaqədar məlumatlandırılıb”, - deyə Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı məlumatlar mətbuat vasitəsilə vətəndaşlara çatdırılacaq.

Qeyd edək ki, Bu gün saat 15:09 radələrində Bakının Nizami rayonu ərazisində orta məktəbin həyətində qətl baş verib. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 10 saylı orta məktəbin həyətində 1990-cı il təvəllüdlü Famil Gülüşov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisə yerinə Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları gəliblər. Hazırda hadisə yeri müayinə edilir. Qətlin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar