İndiyədək fermerlərdən taxıl fondu üçün 191 min ton məhsul alınıb. Məhsullar 8 özəl müəssisə vasitəsilə sentyabrın 30-a kimi qəbul ediləcək.
Şimal bölgəsində Dövlət Taxıl Fonduna buğda tədarükündə məsul olan Dəvəçi-Dəyirman şirkəti 10 min ton taxılın satışı üzrə müqavilə bağlayıb. Fermerlərdən yüksək keyfiyyətli taxılın qəbul edildiyini deyən şirkətin rəhbəri Nizami Ağayevin sözlərinə görə, vaxt itkisi ilə üzləşməmək üçün gətirilən 6 min ton taxıl qısa müddətdə yoxlanılaraq qəbul edilib.
Şimal bölgəsinin fermerləri proses zamanı incidilmədiklərini bildirirlər. Şimal bölgəsindən fərqli olaraq Gəncədə fəaliyyət göstərən 'Neon' və 'Fatoğlu' şirkətləri də buğda almağa başlasa da, hələlik fermerlər tərəfindən yüksək göstəricilərə uyğun məhsul təklif edilməyib.
Taxıl tədarük edən şirkətlərdən birinin icraçı direktoru Bekir Zernın bildirdiyinə görə, bu günədək 200 ton taxıl qəbul edilib. "Ancaq bu 200 tondan Iqtisadi Inkişaf Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin göstərmiş olduğu göstəricilərə uyğun buğda olmadı. Biz özümüzə də taxıl alırıq. Aldığımız taxılların yaxud da, dəyərləndirdiyimiz nümunələrin içində bu göstəriciyə uyğun böyük həcmdə taxıl tapa bilmədik. Bizim aldığımız taxılların təxminən 3-5 faizi Gəncə, Goranboy, Şəmkir-Qazax bölgəsinə qədər uzanır", -deyə o əlavə edib.
Cəmiyyət Taxıl Fondu üçün 15 min ton yüksək keyfiyyətli taxıl almaq gücündədir. Bundan fərqli olaraq 'Neon' firmasında fermerlərə məhdudiyyət qoyulmur. Fabrikin baş direktoru Arif Həsənov deyir ki, üçüncü sinif buğdanın hər tonuna 180 manat verilməsi fermerlərin satış probleminin aradan qaldırılmasına imkan yaradır.
“Bunun bütün xərclərini çıxanda fermer üçün dollar hesabıynan desək 150 dollar qalır. Dünyanın heç bir yerində belə qiymət yoxdur. Bu gün Rusiyada 100 dollardı, Qazaxıstanda 90-100 dollardı, ona görə də qiymət, yaxşı, sərfəli qiymətdi. Mən fermerlərimizə də məsləhət görərdim ki, keçən ilki kimi etməsinlər, keçən il biz 300-320 manata alırdıq, amma satmırdılar və taxılları xarab etdilər, sonra da ən yaxşı halda yarı qiymətinə sata bildilər.
Taxıl tədarükü ilə məşğul olan şirkətlər fermelərin əlavə xərcə düşməməsi əvvəlcə fonda nümunə üçün az miqdarda taxılın gətirilməsini tövsiyə edirlər. Aparılan laborator nümunələr müsbət nəticələnsə onda fermerlər bütün taxılı fonda sata biləcəklər.
Qeyd edək ki, qaydalara görə fond üçün tələb olunan dənin naturası bir litrlik qablarda 750 milliqramdan az, zibil qarışığı 2 faizdən çox, dən qarışığı isə 5 faizdən çox olmamalıdır. Taxıl üçün nəmlilik həddi isə maksimum 13 faiz müəyyənləşdirilib. Bundan yapışqanlıq, şüşəvarilik, parlaqlılılıq göstəriciləri yüksək olmalıdır ki, məhsuldan un çıxımı da çox olsun. Nəhayət taxıl ziyanvericilərin təsirinə məruz qalmamalı, yad qoxu verməməlidir. Taxıl Fondu üçün bu günədək fermerlərdən 191 min ton belə tələblərə cavab verən taxıl alınıb.
Fövqəladə Hallar Nazirliyi Material Agentliyinin Dövlət Taxıl Fodu üzrə Idarəsinin rəisi Zülfüqar Məmmədov ANS-ə bildirib ki, fermerlərdən istənilən qədər taxılın alınması təmin ediləcək. Bu qədər taxılın alınmasına gəlincə, idarə rəisi deyir ki, tələb olunan keyfiyyətli taxılın həcmi o qədər də çox deyil və həmin məhsulun alınmasında vəsait baxımından problem olmayacaq. Xatırladaq ki, taxıl alışı üçün elan verilməzdən əvvəl fondda 115 min ton ehtiyat olub. Nazirlər Kabinetinin qərarına görə, fondda ölkənin 2 aylıq ehtiyacı qədər ehtiyat saxlanmalıdır və bu da təqribən 270 min ton taxıl edir. Deməli fondda bu mövsüm üçün tələb olunan ehtiyatdan da çox taxıl var.
Qeyd edək ki, taxıl 8 özəl müəssisə - “Dəvəçi-dəyirman”, “Karat-holdinq”, “Fatoğlu”, Quliyev adına Bakı-taxıl, Araz, 'Aveta', 'Tovuz-baltiya ' və 'Neon' şirkətləri vasitəsilə qəbul edilir. Taxıl Fondu idarəsinin rəhbərliyi bildirir ki, fermerlər bu şirkətlərin yerli şöbələrinə müraciət edə bilər. Cənub rayonlarında tədarüklə bağlı çətinliyə gəlincə, fondda deyirlər ki, bu rayonların fermerləri öz məhsullarını Bakı və Kürdəmirdə təhvil verə bilərlər. /ANS TV/