Ölkənin aran rayonlarında taxıl biçininə başlanılıb. İlkin mərhələdə biçinin arpa sahələrində aparıldığını deyən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin sözlərinə görə, buğda biçininə iyunun ikinci on günlüyündə başlanılacaq. Ümumilikdə mövsüm ərzində ölkədə 2 milyon 960 min ton taxıl tədarükü gözlənilir.
Sabir Vəliyev biçin zamanı texnika çatışmazlığının yaranmayacağını qeyd edib. Onun sözlərinə görə, bu mövsüm biçinə 3 minə yaxın kombayn cəlb olunacaq. Bununla yanaşı hazır məhsulun saxlanmasında da problemlər yaranmayacaq: «Müasir texnologiyalara uyğun yeni anbarlar tikilir».
Nazirlik rəsmisi hesab edir ki, sahələrin artırılması ilə yanaşı diqqət məhsuldarlığa yönəldilməlidir. Bu, həm daxili bazarın qorunmasına, həm də xarici ölkələrdən asılılığı azaltmağa imkan vercək.
Şöbə rəisi bu il taxıl fondu tərəfindən 270 min tona qədər ərzaq buğdasının tədarük olunacağını bildirib. Fond yalnız keyfiyyət standartlarına uyğun gələn taxılı alacaq.
Sabir Vəliyev onu da bildirib ki, havaların nisbətən sərin keçməsi məhsuldarlığa mənfi təsir etməyəcək. /ANS TV/