Sürprizli saqqız müştəriyə iri pullar vəd edir
18 Avqust 2011 Cümə Axşamı 23:32
Bu pullarla azyaşlı uşaqlar dükanlarda yaşlı satıcıları aldadaraq alış-veriş edir
İndi biz saqqızın xeyirindən və ya zərərindən danışmayacağıq. Bu günlərdə dükan-marketlərin piştaxtalarında peyda olan saqqızların cəlbedici içliklərindən söz açacağıq. Deməli, pul verilib alınan bu saqqızların içindən pul çıxır. Qəpik-quruşa alınan saqqız əvəzində müştəriyə kağız əskinaslar vəd edir. 1 manatlıqdan tutmuş 100 manatadək.

İlk baxışdan əsl pulla heç nə ilə fərqlənməyən bu pulla əməlli-başlı varlanmaq olar. Başqa sözlə, saxtakarlığa yol verərək istənilən müştərini aldatmaq mümkündür. Saqqıza meyl edən isə əsasən uşaqların olduğunu nəzərə alandan sonra, təsəvvür edin, balacaların şüurunda nələr yarana bilər.

Bakı sakini Oqtay dayı deyir ki, 60-dan çox yaşı olsa da, saqqızın içindən pul çıxdığını birinci dəfə görür. Kişinin başına iş gəlib. Deyir, o gün nəvəsinin əlində 100 manatı görüb təəccüblənib: “Deyirəm, a bala, bu pulu kim verib sənə? Uşaq da mənə gülür ki, baba yalançı puldur”.

Əminik ki, çoxlarınızın uşağı elə indi əlində o pulları saymaqla məşğuldur. Haqqında danışdığımız saqqızı uşaqlar «Smak daun» adlandırır. Qiyməti isə nə az, nə çox 20 qəpikdir. Satıcılardan hansı firmaya məxsus olduğunu soruşsan da, yalnız topdansatış mərkəzlərindən aldıqlarını deməklə, kifayətləndilər və biznes sirri olduğundan ətraflı məlumat vermədilər. Məhsulun qutusunun üzərində isə Türkiyəyə aid olduğu göstərilir. Amma burda bir məqam da var ki, üzərində «etibarsızdır» yazısı olmasa, bu kağız parçasını orijinal puldan ayırmaq çətindir. Və elə bəzi uşaqlar da dükanda basabas olan vaxtı yazı olan tərəfini içəriyə qatlayaraq bükülü formada satıcıya verib istədiklərini ala bilirlər. Əsasən, belə həmlələrə aldanan yaşlı satıcılar olur.

Bir sözlə, saqqız hesabına əli pulla oynayan əksər uşaqların bu cür “macəraları” var. Əslində, bu saqqız məsələsini dartıb uzatmaq niyyətimiz yoxdur, sadəcə, xatırlatmaq istəyirik ki, hər bir böyük yanğın kiçik qığılcımdan doğur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar