Supermarketlər şəhərdən kənara çıxarılır?
05 Mart 2013 Çərşənbə Axşamı 21:47
ANS PRESS paytaxtın ekoloji durumunu pozan ərzaq biznesi ilə maraqlanıb.
Bakıda köhnə Musabəyov bağının yaxınlığında yeni bir supermarket açılıb və açılması ilə həmin əraziyə yeni problemlər gətirib. Birinci problem tıxacla bağlıdır ki, supermarketin qarşısında avtomobillər adətən iki cərgədə dururlar ki, bu da nəqliyyatın hərəkəti üçün problem yaradır. Günün gur saatlarında maşınlardan qalxan tüstü qazları da sakinlərin kefini pozur. «İndi qışdır, pəncərələri açmırıq, bəs, bunun yayı necə olacaq, gərək bütün günü pəncərəni bağlı saxlayıb yalnız tıxacın çəkildiyi gecə saatlarında açaq»,- deyə sakinlər gileylənirlər.
Bakıda yeni tikilən hündür binalar istifadəyə verildikcə, yeni açılan supermarketlər şəhərin hər yerində bu cür problemlər yaradır. Bu mənzərəyə hər yerdə rast gəlmək olur - metronun «İnşaatçılar» stansiyasının yuxarı çıxışında da, Əhmədli yaşayış massivindəki «Bakı» kinoteatrının yaxınlığında da, Badamdar qəsəbəsindəki köhnə parkın və ya məktəbin yanında da. Səbəb təkdir - yeni açılan supermarketlərə maşınlarla şəhərin hər yerindən bazarlıq üçün gəlirlər və bu da təbii ki, tıxaclara, uyğun olaraq havanın kəskin pisləşməsinə səbəb olur.
Texniki Universitetin kafedra müdiri, nəqliyyat məsələləri üzrə ekspert Sülhəddin Gözəlovun hesablamalarına görə, yeni tikilən hündürmərtəbəli binaların altında açılan supermarketlər bəzən oradakı nəqliyyat aktivliyini 100 dəfələrlə artırır: «Sovet vaxtında Bakının mərkəz hissəsində binaların hamısı 2-3 mərtəbəli idi və müəyyən bir sahədə avtomobil sayı 10-15 idisə, yeni binalar tikiləndən sonra bu, 150-yə qalxdı. Bu binaların altında supermarket açılması isə avtomobil sayı avtomatik olaraq minlərlə ölçülür. Bəzi supermarketlər də 10 ədəd kassa var və hər kassa gün ərzində 150 adama xidmət edir. Yəni supermarketə gün ərzində 10-15 min müştəri gəlir və onların çox az hissəsi piyada gəlir. Yəni bir supermarketin ətrafına gün ərzində 10 min maşın gəlir», - deyə Sülhəddin Gözəlov vurğulayır.
Nəqliyyat ekspertinin sözlərinə görə, bu, məhəllələrdə sakinlərin həyat şəraitini də pisləşdirir. «100-150 il qabaq bizim Bakını layihələşdirən atalarımız onu 2-3 mərtəbəli binaların olduğu və faytonların hərəkət etdiyi şəhər kimi təsəvvür ediblər. Yəni yollarımız faytonlar üçün nəzərdə tutulub. Həmin küçələri genişləndirmədən binaları böyütdük. Çağdaş Avropa normalarına görə, yüksək mərtəbəli binalar tikilən massivlərdə ərazinin 30-40%-i nəqliyyatın hərəkəti üçün nəzərdə tutulur. Bizdə isə yüksək mərtəbəli binaların yerləşdiyi zonalarda nəqliyyat üçün yalnız 8-10% ərazi düşür», - deyə nəqliyyat eksperti son bir neçə ildə şəhərin mikrorayon massivlərində yaranmış tıxacların səbəbini izah edib.
Sülhəddin Gözəlov vəziyyətdən çıxış üçün iri supermarketlərin və gələcəkdə yaranacaq hipermarketlərin şəhər kənarına çıxmasının vacibliyini vurğulayıb. «Bu supermarketlər müştərini qiymət ucuzluğuna görə yox, çeşid bolluğuna görə cəlb edirlər. Halbuki, supermarketlərdə və hipermarketlərdə qiymətlər 30-40% aşağı olmalıdır. Bütün Qərbdə belədir. Oralarda iri supermarketlər şəhərdən xeyli aralıda olur və parkinq üçün geniş əraziləri olduğundan nəqliyyata heç bir problem yaratmır. Yəni bu iri supermarketləri rahatlıqla xırda məhəllə dükanları ilə əvəz etmək olar. Qiymətdə elə bir fərq hiss edilməyəcək. Əksinə inhasarçılıq aradan qalxacaq və dolanışıq tapan xırda sahibkarların sayı artacaq. Şəhərin içində də supermarketlər ola bilər, amma bunun üçün onların parkinq əraziləri olmalıdır ki, yollarda tıxac yaranmasın», - deyə nəqliyyat eksperti bildirir.
Qeyd edək ki, yeni parkinqlərin salınmasının vacibliyi yeni işə salınmış Nəqliyyatın İntellektual İdarəetmə Sistemi Mərkəzi tərəfindən də gündəmə gəlib. Mərkəzin araşdırmasına görə, Bakının mərkəzində nəqliyyat gərginliyini aşağı salmaq üçün ən azı 160-170 yeraltı dayancaq tikilməlidir. Mərkəzdən verilən məlumata görə, hər dayanacaqda 300-1000 avtomobil saxlamaq mümkün olacaq. Onların içində 2000 avtomobili tutan iri dayanacaqlar da olacaq.
Dövlət Yol Polisi (DYP) də avtomobillərində quraşdırılmış göyərtə kompüterləri vasitəsi ilə şəhərin bir çox yerlərində, o cümlədən supermarketlərin önündə yaranmış tıxac vəziyyətinin yüngülləşməsi istiqamətində tədbirlər görməyə başlayıb. Konkret olaraq parkinqi qadağan edən yol işarələrinin fəaliyyət zonasında, həmçinin yolun hərəkət hissəsində, avtobus dayanacaqlarında, səkilərdə, piyada yolunda, yol ayrıcılarının yaxınlığında, ikinci cərgədə saxlanan avtomobillərin şəkili çəkilir və avtomatik inzibati protokol tərtib edilir ki, bunların çoxu yeni açılmış supermarketlərin önü üçün xarakterikidir. Avtomobillərə kəsilən cərimələr də az deyil, təxminən 40 manatdır.
Təbii ki, bu tədbirlər effektlidir. Amma bunun səmərəli olması üçün hər supermarketin önündə bir DYP maşını dayanmalıdır ki, tıxac yaranmasın. Həm praktiki, həm nəzəri cəhətdən bu mümkün deyil, çünki DYP-nin Bakıdakı bütün bu cür obyektlər üçün kompüterli avtomobil təmin etməyə imkanı yoxdur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində (DŞAK) də bunu nəzərə alırlar. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cahangir Qocayev problemin Bakı şəhərinin rəhbərliyi tərəfindən də həll edilə biləcəyini vurğulayır: «Meriya bu cür obyektlərin nəqliyyat və ekologiya üçün problemlər yaratdığını nəzərə alaraq, onların fəaliyyəti üçün lisenziyanı dayandıra bilər. Belə iri obyektlərin yerində məhəllə sakinləri üçün xidmət göstərəcək çoxçeşidli xırda obyektlər açıla bilər. Yəni meriyanın buna hüquqi icazəsi var və məhz işi də bundan ibarətdir»,- deyə Cahangir Qocayev vurğulayır.
Bu məsələnin sərt tədbirlər olmadan, texniki yolla mərhələli həlli də mümkündür. Məsələn, DYP tıxac yaradan supermarketlərin qarşısına onların öz vəsaiti ilə müşahidə kameraları quraşdıra bilər ki, yuxarıda sadalanan qaydaları pozanlara avtomatik cəza kəsilsin. Bu, təbii ki, bir müddətdən sonra supermarketlərin işinə mənfi təsir göstərəcək. Maşını saxlaya bilməyən müştəri bazarlığını başqa dükandan etməyə üstünlük verəcək. İri marketlərin müştərisi azalacaq və sahibkarlar oranı tərk edərək şəhər kənarına getməyi daha əlverişli sayacaq. Məhəlləyə isə onun sakinləri üçün vacib olan xidmətlər - qəssab, meyvə-tərəvəz, bərbər, dərzi, telefon dükanları, xırda marketlər, çayxana və s. yerləşəcək. Yəni çox qazanan bir sahibkarın yerini normal qazanan bir neçə iş adamı tutacaq. Camaatın da canı rahat olacaq. Vəssalam…
DOSTLARINLA PAYLAŞ: