Sumqayıt hadisələrindən 26 il ötür
28 Fevral 2014 Cümə 03:11
1988-ci il iğtişaşları 32 nəfərin ölümünə səbəb olub.
Bu gün Sumqayıt hadisələrindən 26 il ötür. 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.
Hər il bu hadisələrin ildönümü yaxınlaşanda erməni təbliğat maşını bütün gücü ilə işə düşür və azərbaycanlılar vəhşi, ermənilərə qarşı milli dözümsüzlük nümayiş etdirən bir xalq kimi təqdim olunur. Əslində isə bu hadisələr də SSRİ dövlət təhlükəsizlik komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov edam edilib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.
Şahid Allahverdi Qasımovun sözlərinə görə, Edik deyilən bu şəxs avtovoğzalda bir neçə gənci toplayaraq onlara Qafandan indi gəldiyini və orada azərbaycanlı qadınları elektrik dirəklərinə mıxla vurulduğunu deyərək onları qızışdırıb.
Dövlət ittihamçısı Aslan İsmayılov Qriqoryan üçün ömürlük iş istəsə də bu qəbul olunmayıb. Sumqayıtda keçirilmiş məhkəmə proseslərində azərbaycanlılara qarşı qərəz nümayiş etdirilib. Dövlət ittihamçısının xəstə və hadisələrdə heç bir günahı olmayan Nəcəf Nəcəfalıyev haqda həbs qəti-imkan tədbirin dəyişdirilməsi ilə bağlı təklifi də qəbul olunmayıb və o prosesin gedişində vəfat edib. Digər təqsirləndirilən şəxs Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin qərarı ilə edam olunub.
Əhməd Əhmədovun hadisələrin əsas təşkilatçısı olduğunu sübuta yetirmək üçün istintaqçılar həmin gün əynində əslində boz kostyum olmuş Əhmədovdan guya üzərində qan ləkələri olan qara kostyumda olması ilə bağlı ifadə alıblar və bu dəlil kimi məhkəmədə ortaya çıxarılıb.
Qeyd edək ki, sumqayıtlılar da Əhməd Əhmədovun cinayətkar olmadığına çoxdan inanır. Onun yaşadığı həyətdə qurulmuş xatirə bulağı xalqın artıq Əhməd Əhmədova bəraət verdiyini göstərir.
DOSTLARINLA PAYLAŞ: