"Sülhməramlı Tabor" yaradılacaq
13 Fevral 2010 Şənbə 23:45
Silahlı Qüvvələrin tərkibində xüsusi bir qurum, "Sülhməramlı Tabor" təsis olunacaq
Azərbaycanın sülhyaratma əməliyyatlarında iştirak məsələsi ölkə parlamentində müzakirə predmetinə çevriləcək. Millət vəkillərinin müzakirə edəcəyi sənəddə ən maraqlı məsələ isə Azərbaycanın işğal altında olan əraziləri azad edildikdən sonra orada sülməramlı qüvvələrin yerləşdirilməsidir. Sənəddə Silahlı Qüvvələrin tərkibində xüsusi bir qurum olan “Sülhməramlı Tabor"un yaradılması da öz əksini tapıb.

Azərbaycanın sülhyaratma əməliyyatlarında iştirakı haqda qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc ANS- ə müsahibəsində bildirib ki, qanun layihəsində sülhməramlı əməliyyatlarda iştirak edən qoşunlarımızın sosial təminatı və hərbi xidmətdən sonrakı dövrlə bağlı da məsələlər əksini tapacaq. Onun sözlərinə görə, sənəddə Azərbaycan üçün ən önəmli məsələ işğal altında olan ərazilər azad edildikdən sonra orada sülməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı müddəadır. “Konkret olaraq ATƏT-in Minsk Qrupu çərçivəsində həyata keçirilən proseslər müəyyən bir sonluqla yekunlaşmalıdır. Atəşkəsdən sonrakı sülh müqaviləsi imzalansa, həmin sənədin təminatı beynəlxalq sülməramlı qüvvələrin iştirakı ilə həyata keçiriləcək. Orada qaçqın köçkünlər öz yurdlarına qayıdandan sonra bu qüvvələr yaşayış şəraitini təminatını qorumalıdır. Çünki orada müəyyən təminatlara ehtiyac olacaq. Bu məsələ qanunvericilikdə tənzimlənir ki, Azərbaycan belə bir addım atmaq hüququnu özündə saxlayır”,- deyə MM-nin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc söyləyib.

Zahid Oruc qeyd edib ki, həmin məsələdə sülhməramlıların sayına kvota qoyulması məsələsi də müzakirə mövzusudur: “ATƏT-in 1994-cü ilin Budapeşt sammitində yol xəritəsi qəbul olunub ki, həmin silahlı qüvvələr kontingentində bir ölkənin əsgəri sayı ümumi tərkibin üçdə birindən artıq ola bilməz. Gürcüstanın işğal olunmuş ərazilərində Rusiya qüvvələri vasitəçi adı ilə ayırıcı rolda iştirak edirdi. Sonra onlar müharibəyə səbəb oldular. Azərbaycan özünü bu təhlükədən sığortalamaq üçün bu məsələyə ciddi fikir verməlidir”. Onun sözlərinə görə, hərbi qanunvericilik sahəsində ilk dəfə hazırlanan qanun layihəsinin mühüm hissələrindən biri də Silahlı Qüvvələrin tərkibində xüsusi bir qurum olan "Sülhməramlı Tabor”un yaradılmasıdır. Komitə üzvü deyir ki, layihə həmçinin təcavüz xarakterli əməliyyatlardan kənarda dayanmağı özündə əks etdirir. Bu mənada hərbi addımlar ölkənin siyasi mövqeyi ilə uzlaşdırılacaq.

Zahid Oruc onu da əlavə etdi ki, hazırda dünya birliyinin diqqəti Əfqanıstana yönəldiyindən orada olan sülməramlıların artırılması arzuolunandır. Yeni qanunla bu da bilavasitə ölkə başçısının müraciəti əsasında həyata keçiriləcək. Hazırda isə sülhməramlıların fəaliyyəti Silahlı Qüvvələr haqda qanunla tənzimlənir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar