Su anbarları tikiləcək
19 May 2014 Bazar Ertəsi 17:26
Astara şəhərində yeni içməli su və kanalizasiya infrastrukturu yaradılacaq.
Astara şəhərində yeni içməli su və kanalizasiya infrastrukturu yaradılacaq.

“Azərsu” ASC-dən ANS PRESS-ə verilən məlumata görə, qurum Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Astara şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı tender elan edib.

“Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə əsasən şəhəri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün su mənbəyi Xanbulançay su anbarı seçilib. Su mənbəyindən Astara şəhərinə 24,8 km uzunluğunda magistral su kəməri çəkiləcək. Şəhərin relyef şəraiti nəzərə alınaraq ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı tikiləcək. İstehlakçıların mərkəzləşdirilmiş qaydada içməli su təchizatını yaxşılaşdırmaq məqsədi ilə 112,8 km paylayıcı su şəbəkəsi yaradılacaq, 5119 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi su sayğacları ilə təmin olunacaq.

Layihə çərçivəsində ilk dəfə Astara şəhərində kanalizasiya şəbəkəsi yaradılacaq. Şəhərdə yaranan tullantı sularının idarəedilməsi üçün 70,5 km uzunluğunda kanalizasiya şəbəkəsi, 8 km mikrotunel tipli kanalizasiya kollektoru, 4565 ədəd kanalizasiya quyusu, 2 ədəd nasos stansiyası tikiləcək və bütün abunəçilər şəbəkəyə qoşulacaq.

Astara şəhərində su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işlərinə 2014-cü ilin üçüncü rübündə başlanması nəzərdə tutulur. Layihə başa çatdırıldıqdan sonra Astara şəhəri ilə yanaşı, gələcəkdə rayonun 27 kəndi, ümumilikdə 102 min sakin faydalanacaq.

Qeyd edək ki, “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Gədəbəy, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar