Şıx çimərliyinə giriş 25 manat!
03 İyul 2011 Bazar 03:15
Şıx çimərliyində bir gün və ya bu yerlərdə qiymət hərarəti necə yaranır?
Xəzərin Bakı sahilləri. Yayın qızmar günlərində bu yerlərin dəyəri birə-beş artır. Abşeronun qonaqları da çoxalır. Di gəl ki, qumlu sahillərdən qədərincə faydalanmaq o qədər də asan olmur. Sahilboyu ərazini elə zəbt ediblər ki, giriş haqqını ödəmədən heç doyunca dəniz havası da uda bilməzsən. Qiymətlər sahibkarın insafından asılıdır: ucuzu da var, bahası daE Gərək cibinə, imkanına uyğun yer seçəsən.
Çox da uzağa getmədik. Şıx çimərliyində bir-birindən fərqlənən istirahət mərkəzlərində olduq. Doğrusu, müşahidələrimiz bizi çox təəccübləndirdi. Sən demə, təkcə çimərliyin qapısından içəri keçmək üçün ən azı 2 manat ödəməlisən! Bu ilkin qiymətə girişdən savayı heç nə daxil deyil! Sonra digər xidmət haqları başlayır. Özü də nə başlayır...
İlk qapısını döydüyümüz istirahət mərkəzinin adı belədir: “Eldorado”. Adı ilə işimiz yoxdur, bu, sahibkarın öz seçimidir. Amma bizi qarşılayan Sadiq Əliyev adlı icraçı direktora iradlarımız çoxdur. Birincisi ona görə ki, səlahiyyət həddini aşıb açıq-aşkar meydan oxuyurdu, “sizə bu yerlərə girişi qadağan edirəm”, - deyirdi. - “Eldorado”dan yazmaq sizə baha başa gələcək. (Təəssüf ki, nə vaxt, hansı formada, açıqlamadı). Amma burada baha başa gələn çox şeylər vardı. İki manatlıq girişdən sonra çətir 5 manata, uzanıb dincəlmək üçün taxt 2 manata icarəyə verilirdi. Digər xidmət haqlarının da qiymətləri fərqlidir. Ona görə də çimərlik adına “Eldorado”nu seçənlər gərək bir qədər ehtiyatlı olsunlar. Həm qiymətə uyğunlaşsınlar, həm də icraçı direktorun hikkəsini nəzərə alsınlar. Yoxsa çətin olar, axı isti yay günləri hələ qarşıdadır...
Bir qədər o tərəfdə “Aysberq” istirahət mərkəzi başlayır. Adını doğru seçiblər. Ona görə ki, burada “Aysberq”in görünməyən tərəfləri çoxdur. Giriş 2 manata olsa da, əsl soyğunçuluq sonra başlayır. Yenə çətirin öz qiyməti, stolun, stulun icarə haqqı... Üst-üstə hesablayanda çimərlikdən bir neçə saat faydalanmaq 10 manata başa gəlir. Əgər bir tikə çörək yeyib çay içsən, ən azı bura gəlməyinə peşman olarsan. Elə “Aysberq”ə gələnlərin çoxu bu qənaətdədir.
İslam Məmmədov, təqaüdçü: Doğrusu, bilməzdik ki, Xəzərin sahillərini sahibkarlar belə bölüblər. Hara üz tuturuqsa, giriş haqqı istəyirlər. Özü də hərə bir qiymət oxuyur. Elə ki, etiraz edirsən, təhqir etməkdən belə çəkinmirlər. Qiymət belədir, vəssalam!
Zakir Quliyev, tələbə: Qiymət sarıdan biz də gileyliyik. Az pulla bu tərəflərə üz tutmaq olmur. Bir udum dəniz havası, adla deyilən Abşeron qumu alver mənbəyinə çevrilib. Dənizi belə hərraca qoymazlar!.. Elə şeylər var ki, onu hasarlamaq günahdır! Amma bu yerlərdə belə şeylər nəzərə alınmır. Haram halalı çoxdan üstələyib...
Daha bir təmtəraqlı ünvana üz tutduq: “Ramada”. Yenə giriş haqqını soruşduq. Fantastik bir qiymət eşitdik: 25 manat. Onu da qeyd edək ki, bu qiymətə Ukraynada, Gürcüstanda, hətta Türkiyədəki istirahət mərkəzlərində gündə üç dəfə yemək də mümkündür, gecələmək də olar. Bizə elə gəldi ki, həmin pulu ödəyib eyni cür xidmətlərdən faydalanmaq olar. Əslində, belə deyildi! Hovuzdan, duşdan, bir də ki, gen-bol dəniz qumundan, yardımçı xidmətlərdən faydalanmaqla bu məbləği ödəməlisən. Əgər bu yerlərə ailəvi üz tutsanız, xərclərinizi özünüz hesablayın! Biz bəri başdan qiymətlərin anonsunu verdik ki, yayın istisində hərarətiniz o qədər də yüksəlməsin... ANSPRESS
DOSTLARINLA PAYLAŞ: