Şirvan kanalında qanunsuz balıq ovunun qarşısı alınıb
29 May 2010 Şənbə 12:20
Baş Şirvan kollektorunun Xəzər dənizi ilə qovuşan hissəsi ciddi nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Şirvan kanalının Xəzər dənizi ilə birləşən hissəsində qanunsuz balıq ovunun qarşısını alıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qurumun elektron poçtuna vətəndaşlar - R.Tağıyev, B.Əliyev və V.Prokofyev tərəfindən Salyan rayonu ərazisində Şirvan kanalının dənizlə birləşən hissəsində balıqların ovlanması ilə əlaqədar şikayət məktubu daxil olub. Nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları göstərilən qanun pozuntularını araşdırıblar.
5-6 aprel və 12-13 aprel 2010-cu il tarixlərdə Nazirliyin əməkdaşları tərəfindən Şirvan kanalının Xəzər dənizi ilə birləşən hissəsində SÇS “Yuq” gəmisi ilə aparılan reydlər zamanı Baş Şirvan kollektorunun dənizlə qovuşan sahəsində balıq ovlamaq məqsədilə naməlum şəxslər tərəfindən qurulmuş 11 ədəd qadağan olunmuş ov aləti sayılan sintetik axçalı balıq torları aşkar edilərək yığışdırılıb və barələrində müvafiq aktlar tərtib edilib.
Nazirliyin əməkdaşlarının 26-27 aprel 2010-cu il tarixlərdə apardıqları növbəti reyd zamanı isə həmin kollektorun Xəzərə töküldüyü ərazidən 15 ədəd sintetik axçalı balıq torları toplanaraq müvafiq akt tərtib olunub.
Sözügedən ərazi Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ciddi nəzarətə götürülərək mütəmadi olaraq keçirilən reydlərlə nəzarət gücləndirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: