Şirvan-Astara dəmiryolunda bərpa işlərinə başlanılıb
14 İyun 2010 Bazar Ertəsi 10:55
Osmanlı-Azadkənd arasında çökmüş 7 kilometr yol yatağı bərpa olunub.
Daşqınların Azərbaycan dəmiryol xətlərinə vurduğu fəsadların aradan qaldırılmasına başlanılıb. “Azərbaycan dəmir yolları" Qapalı Səhmdar Cəmiyətinin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə dəmir yolunun Şirvan-Astara sahəsində təmir-bərpa işlərinə start verilib. ASC-dən ANS PRESS-ə verilən məlumata görə, artıq Osmanlı-Azadkənd arasında birtərəfli çökmüş 7 kilometr yol yatağı bərpa olunub. Əraziyə 120 vaqon çınqıl döşənib.
Q.Nəzirovun sözlərinə görə, cəmiyyətin kollektivi gücləndirilmiş iş rejimi ilə işləyir, bərpa işlərinə İnfrastruktur Departamentinin, təmir-bərpa qatarlarının və digər müvafiq strukturların kollektivləri cəlb olunub.

Ümumiyyətlə, dəmir yolunun Şirvan-Osmanlı və Azadkənd sahəsində görüləcək işlər aşağıdakılardan ibarətdir: 2 ədəd 2000 mm-lik dəmir-beton borunun tikintisi; üst quruluşu elementlərinin (rels şpal, bərkidicilər və ballast qatı) quraşdırılması; 10 km məsafədə torpaq yatağında yaranmış bir tərəfli yatmaların ləğv olunması; rabitə və yan elektrik xətlərinin bərpa olunması.

Qeyd edək ki, may ayın 6-dan başlayaraq Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar daşqınların əmələ gəlməsi dəmiryolunun işində də ciddi problemlər yaratmış, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Şirvan-Astara sahəsində 9 may saat 16. 30-dan etibarən qatarların hərəkəti dayandırılmışdı.

Kürdə suyun səviyyəsinin artması ilə əlaqədar dəmir yolunun Osmanlı-Azadkənd mənzilinin 15-ci kilometrində, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci ( 2 yerdə) və 24-cü km-də, subasmanın qarşısını almaq və suyu digər istiqamətə ötürmək üçün dəmir yolu yatağı beş yerdən yarılmışdı. Sonradan yarılan yol yatağı xeyli genişlənmiş, həmin istiqamətdə 10 km yaxın yolun torpaq yatağı çökməyə məruz qalmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar