Sığon qəbiristanlığı tədqiqatını gözləyir
01 İyun 2010 Çərşənbə Axşamı 07:55
Azərbaycanın Lənkəran rayonunda yerləşən tarixi abidələrdən olan Sığon qəbiristanlığında arxeoloji qazıntıların aparılması çox vacibdir.
Bunu APA-nın Cənub bürosuna Lənkəran Dövlət Universitetinin dosenti, tədqiqatçı-alim Mirhaşım Talışlı deyib. Onun sözlərinə görə, Sığon qəbiristanlığının tarixi islamdan xeyli öncəyə, eramızdan əvvəl V-III əsrlərə gedib çıxır. Bununla belə, qədim ərazi barədə daha müfəssəl məlumat əldə etmək üçün burada arxeoloji qazıntılar aparılmalıdır. Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin mütəxəssisi İlqar Əzimov isə Sığon qəbiristanlığının tarixi abidə kimi 2001-ci ildə Nazirlər Kabineti tərəfindən qeydiyyata alındığını bildirib. Onun sözlərinə görə, hazırda Mədəniyyət və Turizm Nazirliyinin yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan və son tunc, ilk dəmir dövrünə aid olan Sığon qəbiristanlığı ilə bağlı araşdırma aparmağa ehtiyac var.

Qeyd edək ki, rayonun Bəlləbur və Lüvəsər kəndlərini birləşdirən ərazidə yerləşən qəbiristanlığın ərazisi vaxtilə 2 hektardan çox olub. Sığon daha sonra həyətyanı torpaq sahəsi kimi yerli sakinlər arasında bölüşdürülüb. Hazırda qəbiristanlığın ərazisi 200-250 kv.m-dir. 1917-ci il oktyabr inqilabından əvvəl fransız səyyahı və tədqiqatçısı Jak de Morqan bu qəbiristanlıqda arxeoloji qazıntılar aparıb. O, tapılan qədim maddi mədəniyyət nümunələrini özü ilə Fransaya apararaq, muzeylərə təqdim edib. O vaxtdan indiyədək ərazidə heç bir arxeoloji qazıntı aparılmayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar