Şeyxülislam xalqı təbrik edib
18 Sentyabr 2009 Cümə 12:40
Bayram günləri kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsinin bəyənilən əməllər olduğunu bildirib
Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı ilə əlaqədar müsəlmanları təbrik edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, şeyx təbrikində Allah-taaladan oruc və namazların qəbul, duaların müstəcab olmasını dilədiyini bildirib.
“Şükürlər olsun ki, Allah-Talanın buyurduqlarına əməl edən xalqımız ildən-ilə Ramazanın təlqin etdiyi bu gözəl cəhətlərə daha çox vaqif olur. Əlhəmdüllah, Uca Allahın istəyini qazanmaq üçün müsəlman qardaş və bacılarımız mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazan bayramına qovuşurlar. Allahın vacib hökmü olan oruc ibadətini başa vurmuş xalqımıza mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun”.
QMİ sədri bildirib ki, Allahın yaratdıqları arasında münasibətlərdə mərhəmətin önə çəkilməsinə yol açan Ramazan ayı bəşər övladına xeyirxahlıq və şəfqət təlqin edir: “Bu müqəddəs bayram günündə valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdəndir.
İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan müsəlmanlarının Ramazan bayramında ən ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə üst-üstə düşür. Bu əziz gündə uca Allaha dualar edirik ki, inşallah, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlət başçımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımız azad olunsun, qaçqınlarımız və köçkünlərimiz öz doğma yurdlarına qayıtsın.
Əziz bayram – Eydül-Fitr münasibətilə bütün müsəlmanlarımızı bir daha səmimi qəlbdən təbrik edir, xeyir-dua verir, hər birinizin ocağına rifah və əmin-amanlıq bəxş etməsini uca Allahdan diləyirəm. Məlum olduğu kimi, Şəvval hilalının (Ay) görünməsindən asılı olaraq, Ramazan bayramı miladi təqvimi ilə sentyabrın 20-ə və ya 21-nə düşür. Azərbaycan hökumətinin qərarına əsasən hər iki gün bayramdır.
Dualarımız Vətənimizin xoşbəxt gələcəyi və xalqımızın səadətə qovuşması üçündür. “Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçək olsun! Allah orucumuzun əcri olaraq öz lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin, Vətənimizi qüdrətli və firavan qərar versin. Amin”.
DOSTLARINLA PAYLAŞ: